İran, Tehran, 26 noyabr / Trend , müxbir A.Namdari / İranın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi Böyük Britaniyanı İranın daxili məsələlərinə müdaxilə etməməyə çağırıb.
Britaniyanın xarici işlər naziri Deyvid Milibend ərəb ölkələrindən İranın uranı zənginləşdirilməsi proqramının dayandırılmasına yardım göstərmələri barədə xahiş edib.
"İngiltərə region ölkələri arasında nifaq yaratmaq siyasətini dəyişməlidir. Bu siyasət uğursuz siyasətdir",- deyə İranın BƏƏ-dəki səfirliyinin çərşənbə günü Trend -a göndərdiyi bəyanatında bildirilib.
Bəyanatda bildirilir ki, İran inanır ki, millətlərə qarşı zorakılığın və dünyada müharibələri alovlandırmağın dövranı sona çatıb.
BMT Təhlükəsizlik Şurası indiyədək İrana qarşı üç dəfə sanksiya tətbiq edib. Sanksiyalar İran nüvə proqramını dayandırmadığı üçün tətbiq olunub. Tehran rəsmiləri isə dəfələrlə nüvə proqramını dayandırmayacaqları haqda bəyanatlar veriblər.
"Böyük Britaniya atom bombası olan sionist rejiminin əsas himayəçisidir. Bu səbəbdən də Britaniyanın İranın sülhyönlü nüvə proqramı haqda fikir bildirmək üçün haqqı yoxdur", - deyə İran səfirliyinin bəyanatında bildirilib.
Orta Şərqdə yalnız İsrail atom bombasına malikdir. İsrail dəfələrlə İranın nüvə fəaliyyətini davam etdirməsinə imkan verməyəcəyi barədə hədələr səsləndirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]