...

Strasburqda 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Siyasət Materials 21 Yanvar 2009 01:27 (UTC +04:00)

Fransa, Strasburq, 21 yanvar/ Trend , müxbir A. Məhərrəmli/ 20 yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar yanvarın 20-də Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"ndə anım mərasimi keçirilib. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən (DN) məlumat verilib.

Mərasimdə Vətənimizin müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verilib. Mərasimdə həmçinin faciəyə həsr olunmuş fotoşəkil sərgisi və kinofilm nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın AŞ yanında daimi nümayəndəsi, səfir Arif Məmmədov 20 yanvar faciəsindən geniş danışıb, Azərbaycan xalqına qarşı törədilmiş bu  faciənin əsl mahiyyəti haqqında, Azərbaycan hökumətinin bu istiqamətdə ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Səfir bu günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini vurğulayıb. O bildirib ki, 20 yanvar hadisələri bu günkü müstəqilliyimizin yolunu açıb. Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bu qanlı hadisələrin dünya və Avropa ictimaiyyətinə çatdırılmasında oynadığı rolu xüsusi qeyd edən səfir onların ölkəmizə dair həqiqətlərin təbliği prosesində həmrəyliyinin, birliyinin olmasını şəhidlərin ruhuna ən böyük ehtiram olduğunu vurğulayıb.

O, habelə xüsusi qeyd edib ki, xalqımızın ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək bu qanlı faciəni törədənlərə qarşı kəskin etirazını bildirib. 20 yanvar faciəsinə məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi qiymət verilib.

Sonra çıxış edən Strasburq "Azərbaycan evi"nin sədri Mustafa Əlincə bu günün əhəmiyyətindən, sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən bəhs edib. 20 yanvarın Azərbaycan tarixinin ən önəmli və şanlı səhifələindən biri olduğunu bildirən natiq bu günün daima yaddaşlarda qalacağını qeyd edib. O, vətəndən uzaqda yaşayan soydaşlarımızın ölkəmizin təbliği yönündə həmrəyliyinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Rober Şuman (Robert Schuman) universitetinin tələbəsi Xəyal Məmmədov da 20 yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi olduğunu bildirib və bu tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd edib.

Anım mərasimində DN-in işçiləri ilə yanaşı, Strasburqda təhsil alan tələbələr, diaspor nümayəndələri, o cümlədən Strasburqa yaxın olan  Miluz (Milhouse) və Kolmar (Colmar) şəhərlərində yaşayan soydaşlarımız, türk diasporunun nümayəndələri, eləcə də yerli və xarici qonaqlar  iştirak edib.

Məlumatda habelə bildirilir ki, Daimi Nümayəndəlik tərəfindən 20 yanvar faciəsi haqqında tutarlı məlumatları özündə əks etdirən xüsusi pres-reliz Avropa Şurasının Katibliyi, üzv ölkələrin Daimi Nümayəndəlikləri, eləcə də Strasburqda fəaliyyət göstərən Konsulluqlar arasında yayılıb.

Xəbər lenti

Xəbər lenti