Amerika hərbçiləri Bişkekin "Manas" aeroportundakı aviabazanı planlaşdırıldığı kimi avqustun 20-də tərk edəcəklər. Bu barədə İTAR-TASS müxbirinə Qırğızıstanın Rusiyadakı səfiri Raimqul Attakurov deyib.
"Hazırda tərəflər (Qırğızıstan və ABŞ) heç bir əlavə danışıqlar aparmır. Avqustun 20-si ABŞ hərbçilərinin Qırğızıstanın "Manas" bazasını tərk etdikləri günü olacaq", - səfir qeyd edib.
"Manas" aviabazasının bağlanılması haqqında Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev cari il fevralın 3-də Moskva səfəri zamanı bəyan edib. Prezident bunu ABŞ tərəfinin obyektdən istifadəyə görə lazımi səviyyədə kompensasiya ödəməməsi və Amerika əsgərlərinin Qırğızıstan ərazisində olmasının ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanmaması ilə əsaslandırıb. Fevralın 19-da Qırğızıstan parlamenti ABŞ-la olan razılaşmanın ləğv edilməsinə səs verib. Səhəri gün Bakiyevin imzaladığı sənədə əsasən, ABŞ hərbçiləri avqustun 20-dək Qırğızıstan ərazisini tərk etməlidirlər.
Bununla belə, Vaşinqtonda məsələ ilə bağlı Bişkeklə danışıqlarda irəliləyişin olduğu barədə danışılır. "Biz onlarla (Qırğızıstan hakimiyyəti ilə) danışıqları davam etdiririk və aviabazadan gələcəkdə də yararlanmaq üçün razılaşmanın əldə olunmasında irəliləyiş var. Ümid edirəm razılığa gələ biləcəyik", - Pentaqonun mətbuat katibi Ceff Morrell aprelin 28-də brifinq zamanı jurnalistlərə deyib.
Əvvəllər xəbər verildiyi kimi, aviabaza hələki "adi rejimdə fəaliyyət göstərir".