Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin deputatları ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcəklər.
"Yunanıstanın Afina şəhərində keçiriləcək sessiyada Azərbaycanı assambleyadakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova, Parlamentin Aqrar siyasət və İnsan hüquqları komitələrinin sədrləri Eldar İbrahimov və Rəbiyyət Aslanova təmsil edəcəklər", - çərşənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
"Enerji təhlükəsizliyi və ətraf mühit" mövzusuna həsr olunan assambleyanın toplantılarında "Regional əməkdaşlıq və enerji təhlükəsizliyi", "İqlim və ətraf mühit sahəsinə dair siyasət - Kopenhagenə doğru", "İnsanın təhlükəsizliyinin təmin edilməsi üçün təbii ehtiyatlardan optimal istifadə" mövzuları ətrafında çıxışlar dinləniləcək, diskussiyalar aparılacaq. "Daimi komitənin iclasında isə ATƏT-in Aralıq dənizi regionuna münasibətində perspektivlər və çağırışlar, həmçinin həmin bölgədə ticarət və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq", - məlumatda qeyd edilir.
Tədbirlərdə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Muradova və nümayəndə heyətinin üzvləri çıxış edəcək, müzakirəyə çıxarılan məsələlərə münasibətdə ölkəmizin mövqeyini açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]