...

Türkiyənin müxalifət partiyalarından olan deputatlar Azərbaycana dəvət olunublar

Siyasət Materials 5 Noyabr 2009 16:24 (UTC +04:00)
"Biz Türkiyədə olanda Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarından olan bir qrup millət vəkilini ölkəmizə səfərə dəvət etmişik", - cümə axşamı Trend News-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Türkiyənin müxalifət partiyalarından olan deputatlar Azərbaycana dəvət olunublar

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir A.Hüseynbala/

Türkiyənin müxalifət partiyalarından olan deputatlar Azərbaycana növbəti səfərə dəvət olunublar.

"Biz Türkiyədə olanda Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarından olan bir qrup millət vəkilini ölkəmizə səfərə dəvət etmişik", - cümə axşamı Trend -a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ağamalının sözlərinə görə, dəvəti qəbul edən deputatlar əlverişli bir zamanda Azərbaycana gələcəklərinə söz veriblər.

"Düşünürəm ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsi üçün müzakirələrin başlanacağı ərəfədə həmin səfər baş tuta bilər", - millət vəkili əlavə edib.

Onun fikrincə, Türkiyənin müxalifət partiyaları iki ölkə arasında imzalanan protokolların parlamentdə təsdiqlənməsinin qəti əleyhinə olduqlarından, qardaş ölkə parlamentariləri ilə məsələnin yenidən müzakirəsi çox əhəmiyyətlidir. "Mən bir daha qeyd edirəm ki, Türkiyə rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan protokolların təsdiqlənməyəcəyi barədə verdiyi vədlərə ehtiyatla yanaşıram. Bu səbəbdən Türkiyə Parlamentindəki müxalifət partiyaları ilə əlaqələrimiz bu mərhələdə daha da intensiv olmalıdır", - Ağamalı vurğulayıb.

Oktyabr ayında Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi 11 nəfərdən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Ayın axırında isə Türkiyə Böyük Millət Məclisiinin xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti