...

Azərbaycan və Belarus arasında çox fəal siyasi dialoq aparılır – İlham Əliyev

Siyasət Materials 14 Noyabr 2009 11:21 (UTC +04:00)
Azərbaycan və Belarus arasında çox fəal siyasi dialoq aparılır. Həm rəsmi səfərlər, həm də müxtəlif beynəlxalq forumlar çərçivəsində yüksək səviyyədə müntəzəm görüşlər keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev Minskdə Belarus Dövlət Universitetinin profesor-müəllim heyəti və tələbələri qarşısında çıxışı zamanı bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan və Belarus arasında çox fəal siyasi dialoq aparılır – İlham Əliyev

Azərbaycan və Belarus arasında çox fəal siyasi dialoq aparılır. Həm rəsmi səfərlər, həm də müxtəlif beynəlxalq forumlar çərçivəsində yüksək səviyyədə müntəzəm görüşlər keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev Minskdə Belarus Dövlət Universitetinin profesor-müəllim heyəti və tələbələri qarşısında çıxışı zamanı bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Son bir neçə ildə Belarus ilə Azərbaycan arasında münasibətlər çox sürətlə inkişaf etmiş, qarşılıqlı iqtisadi fəaliyyətdə böyük uğurlar qazanılmış, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran çoxlu müştərək layihələr həyata keçirilmişdir. Mən üç il bundan əvvəl sizin ölkənizə özümün ilk rəsmi səfərimi böyük səmimiyyətlə xatırlayıram. Həmin səfər vaxtı, habelə 2007-ci ildə Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana səfəri dövründə əldə etdiyimiz razılaşmalar uğurla həyata keçirilir. Biz nəzərdə tutduqlarımızın hamısını yerinə yetirmişik. Bu gün, sizin ölkəyə mənim ikinci rəsmi səfərimin gedişində biz, bir tərəfdən, görülmüş işləri təhlil etdik, ən başlıcası isə, münasibətlərimizin gələcək inkişaf yollarını müəyyənləşdirdik.

Üç ildə Azərbaycan Prezidentinin Belarusa ikinci dəfə rəsmi səfər etməsi faktının özü bizim münasibətlərin səviyyəsinə, xarakterinə, onların dinamizminə və intensivliyinə dəlalət edir. Təbii ki, bunlar ölkələrimiz arasında bütün sahələrdə fəal qarşılıqlı əlaqələr fonunda baş verir. Çox fəal siyasi dialoq aparılır. Həm rəsmi səfərlər, həm də müxtəlif beynəlxalq forumlar çərçivəsində yüksək səviyyədə müntəzəm görüşlər keçirilir. Hökumətlərarası komissiya ölkələrimiz arasında fəal iş aparır. Bu komissiya çərçivəsində iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə dair çox mühüm məsələlər həll edilir. Humanitar sahədə əməkdaşlıq çox intensiv inkişaf edir. Bu gün biz həm Belarusda, həm də Azərbaycanda təhsil məsələlərinə çox böyük diqqət yetirildiyini nəzərə alaraq, həmin sahədə münasibətlərin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə etmişik", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin inkişafından razı olduğunu bildirib.

"Beləliklə, biz ikitərəfli münasibətlərimizdə çox geniş spektrli məsələləri əhatə edirik və ən başlıcası, bütün qərarları operativ həyata keçiririk. Bu əməkdaşlığın əyani nümunələrindən biri kimi, Gəncədə traktor zavodu - Belarus ilə Azərbaycan arasında müştərək istehsalat yaradılmasını tez-tez misal çəkirik. Bu layihə barədə qərar qəbul edilməsi ilə onun həyata keçirilməsi cəmi bir neçə ay çəkmişdir. Artıq iki ildən çoxdur ki, zavod uğurla fəaliyyət göstərir, gözəl məhsul istehsal edir, Azərbaycan fermerlərini zəruri kənd təsərrüfatı texnikası ilə təmin edir. Biz artıq, başqa ölkələrin bazarlarına birlikdə çıxmaq barədə də fikirləşirik.
Bu, xüsusi, lakin çox əyani misaldır. Bu misal, əvvələn, ölkələrimiz arasında iqtisadi münasibətlərin nə qədər əhəmiyyətli olmasını və ikincisi, hər iki ölkədə qərarın qəbul edilməsi ilə onun icrası arasında dəqiq əlaqə olmasını göstərir. Çox vaxt belə də olur ki, yaxşı qərarlar qəbul edilir, lakin onların icrası ya illər boyu yubadılır, ya da ümumiyyətlə, yerinə yetirilməmiş qalır. Bizə gəldikdə isə, nəzərdə tutduqlarımızın hamısını həyata keçirmişik.
Bu gün biz artıq mövcud olan bazada, habelə fəaliyyətimizin digər sahələrində, iqtisadiyyat sahəsində yeni layihələrdən danışırıq. Kənd təsərrüfatı, turizm, sənaye istehsalı, nəqliyyat, energetika ilə bağlı məsələlər bu gün ətraflı müzakirə olunmuş, nümayəndə heyətlərimizin üzvlərinə müvafiq tapşırıqlar verilmişdir. Ümidvaram ki, Belarus Prezidentinin Azərbaycana növbəti səfərinədək əldə edilmiş razılaşmalar çərçivəsində yeni nəticələrimiz olacaqdır. Başqa sözlə, münasibətlərimizin necə inkişaf etməsindən çox razıyam. Onlar çox nümunəvidir. Onlar, həmçinin regional münasibətlərin inkişafına da kömək edir. Biz bir-birimizə çox yaxın yerləşməsək də, Belarusun öz regionunda və Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda fəal rolu həm siyasi sabitliyin, həm də iqtisadi sahədə qarşılıqlı fəaliyyətin mühüm amilidir.
Beləliklə, bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlərdən danışarkən biz uğurlar görürük, nəticələr görürük, habelə perspektivləri dəqiq görürük. Bununla əlaqədar, ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında humanitar sahədə əlaqələr müvəffəqiyyətlə inkişaf edəcəkdir. Mən artıq qeyd etdim ki, bu gün biz həmin mövzunu müzakirə etdik, habelə tələbələrimizin hər iki ölkənin ali məktəblərində təhsil alması imkanlarını da müzakirə etdik", - Azərbaycanın dövlət başçısı qeyd edib.

Onun sözlərinə əsasən, bu gün keyfiyyətli təhsil olmadan heç bir ölkənin uğurlu inkişafı mümkün deyildir.

"Azərbaycanda tələbələrimizin dünyanın aparıcı ali məktəblərində təhsil almasına dair Dövlət Proqramı həyata keçirilir. Bu məqsədlər üçün Dövlət Fondundan vəsait ayrılır və beləliklə, ölkəmizin bir neçə min gənc vətəndaşı keyfiyyətli təhsil almaq imkanı qazanır. Bu, peşəkar kadrlar hazırlığı istiqamətində mühüm addımlardan biridir, lakin təbii ki, biz ölkəmizdə təhsilin səviyyəsinin ehtiyaclarımıza, Azərbaycanın inkişaf edən iqtisadiyyatının ehtiyaclarına, həmçinin dünya standartlarına uyğun olmasına çalışmalıyıq. Bu baxımdan, əlbəttə, ölkələrimiz arasında bu sahədə ikitərəfli münasibətlərin mühüm əhəmiyyəti vardır. Müəllimlik fəaliyyəti ilə bağlı olduğum üçün, - ömrümün çox hissəsi ali məktəblə bağlı olmuşdur, - mən ali məktəbin problemlərini, habelə hər bir ölkənin inkişafı üçün təhsilin əhəmiyyətini yaxşı bilirəm. Bu gün keyfiyyətli təhsil olmadan heç bir ölkənin uğurlu inkişafı mümkün deyildir. Çünki yaxşı biliklər, vərdişlər, peşəkarlıq olmadan, bu gün həyatda öz yerini tapmaq çətindir. Buna görə də dövlət yaxşı şərait yaratmağa, gənclər isə, əlbəttə, təhsilə məsuliyyətlə yanaşmağa çalışmalıdırlar. Çünki bu, təkcə diplom və ali təhsilli insanın hər hansı statusu deyildir, bu, zərurətdir, həyatda böyük uğurlar qazanmağın əsas şərtidir.
Biz Azərbaycanda bu məsələyə çox böyük diqqət yetiririk. Azərbaycanda təhsil üçün xərclər ilk yerlərdən birini tutur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün də tədbirlər görülür, onun maddi-texniki bazası təkmilləşdirilir. Son beş ildə Azərbaycanda ən müasir standartlara uyğun 1800 yeni məktəb tikilmiş, onlar kompyuterləşdirilmiş, İnternet şəbəkəsinə qoşulması üçün fəal iş aparılır. Artıq virtual təhsilin yeni formaları tətbiq edilməyə başlanmışdır. Başqa sözlə desək, fikrimcə, ölkələrimiz arasında bu istiqamətdə müzakirələr aparmağa, təcrübə mübadiləsinə və gələcək qarşılıqlı fəaliyyətimizin yollarının müəyyən edilməsinə ehtiyac vardır", - İlham Əliyev qeyd edib.

Azərbaycan Prezidentinin sözlərinə əsasən, Belarus ilə əməkdaşlıq olduqca çoxşaxəlidir və nisbətən qısa müddətdə çox şeyə nail olunub.

"Əlbəttə, bu barədə danışarkən ölkələrimizi bir-birinə bağlayan bütün başqa əməkdaşlıq sahələrini də yaddan çıxarmaq olmaz. Əməkdaşlıq olduqca çoxşaxəlidir və qeyd etməliyəm ki, biz nisbətən qısa müddətdə çox şeyə nail ola bilmişik. 2006-cı ilə qədər bizim Belarusda, Belarusun isə Azərbaycanda səfirliyi yox idi. 2006-cı il bizim münasibətlərin inkişafında bir növ dönüş ili oldu və biz qısa müddətdə dinamik inkişafın şahidi olduq. Bu gün Belarus Prezidenti ilə görüşdə də qeyd etdik ki, iqtisadi böhrana baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Bu, çox nadir hallardan biridir: 2009-cu ildə ikitərəfli ticarətdə əmtəə dövriyyəsi azalmır, əksinə, artır. Bu, yaxşı potensial olduğunu göstərir.
Ümumiyyətlə, ölkəmiz haqqında danışarkən qeyd etməliyəm ki, son illərdə Azərbaycan böyük yol keçmişdir - modernləşmə yolu, inkişaf yolu, bu gün ölkəmizin gələcəyə inamla baxmasına imkan vermiş yol. Biz özümüzü təmin etmək iqtidarında olan ölkəyik. Son illərdə iqtisadi inkişaf bir sıra sosial problemləri həll etməyə imkan vermişdir. Qeyd etməliyəm ki, 2004-2008-ci illərdə Azərbaycanda iqtisadi artım göstəricisi dünyada bəlkə də ən yüksək göstərici olmuşdur. Ölkəmizin iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə artmışdır. İşsizliyə demək olar ki, son qoyulmuşdur. Özəl sektor çox güclü inkişaf etmişdir və bu gün bizim iqtisadiyyatda özəl sektorun payı təxminən 85 faizə bərabərdir. Sosial infrastruktur, təhsil, səhiyyə üçün olduqca çox vəsait və sərmayə ayrılmışdır. Azərbaycan Ordusunun müdafiə qabiliyyətini möhkəmlətmək üçün olduqca çox iş görülmüşdür. Başqa sözlə desək, güclü iqtisadi artım iqtisadiyyatı şaxələndirməyə və çox səmərəli sosial siyasət həyata keçirməyə, habelə, Azərbaycanın iqtisadi təhlükəsizliyini və iqtisadi müstəqilliyini tamamilə təmin etməyə imkan vermişdir", - o qeyd edib.

İlham Əliyev Belarus Dövlət Universitetinin rəhbərliyinə ona BDU-nun fəxri professoru adı verilməsinə görə minnətdarlığını bildirib.

"Fəaliyyətimə verilən belə yüksək qiymətə, mənə BDU-nun fəxri professoru adı verilməsinə görə Belarus Dövlət Universitetinin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir. Buna görə, ölkələrimiz arasında ikitərəfli əlaqələri möhkəmləndirmək üçün gələcəkdə də fəal işləməyi özümə borc bilirəm", - İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti