...

Azərbaycandakı mövcud qanunvericiliklə demokratik seçkilər keçirmək olar - Venesiya Komissiyasının sədri

Siyasət Materials 28 Aprel 2010 20:06 (UTC +04:00)

Fransa, Strasburq, 28 aprel /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycandakı mövcud qanunvericiliklə demokratik seçkilər keçirmək olar. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yaz sessiyası çərçivəsində Venesiya Komissiyasının yaranmasının 20-ci ildönümünə həsr olunmuş mətbuat konfransında komissiyanın sədri Cianni Bukikio Azərbaycanın Seçki Məcəlləsinə münasibət bildirərkən deyib.

Azərbaycan hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edən Bukikio, Azərbaycanda vəziyyətin seçkidən seçkiyə yaxşılaşdığını qeyd edib.

"Əlbəttə, heç bir ölkədə, o cümlədən mənim də ölkəmdə vəziyyət təkmil deyil. Azərbaycanda vəziyyət seçkidən seçkiyə yaxşılaşır. Mən bu sahədə Azərbaycan ilə səmərəli olan əməkdaşlığı davam etdirməyə hazıram. Azərbaycanın seçki qanunvericiliyi çox yaxşılaşıb. Bununla belə, onun daha da yaxşılaşdırılması istiqamətində işi davam etdirməliyik. Bu sahədə görüləsi işlər var. Biz bunu birlikdə həyata keçirə bilərik. Seçki Məcəlləsinin seçki komissiyalarının tərkibinin formalaşdırılması sahəsində yaxşılaşdırılmasına, müsbət dəyişiklərin edilməsinə ehtiyac var. Bununla belə, mövcud qanunvericiklə yaxşı seçkilər keçirmək olar. Ən əsası Avropa standartları və qaydalarının tətbiqinə istəyin olmasıdır", - Bukikio bildirib.

Venesiya Komissiyasının sədri onu da əlavə edib ki, hətta təkmil olmayan qanunvericiliklə də demokratik seçkilər keçirmək olar.

"Təkmil olmayan qanunvericiklə də demokratik seçkilər keçirmək olar. Biz Azərbaycan hakimiyyəti ilə seçki məcəlləsi sahəsində əməkdaşlığı davam etdirməliyik. Elə etmək lazımdır ki, seçkilər beynəlxalq müşahidəçilər tərəfindən qənaətbəxş hesab olunsun. Biz Azərbaycanda seçki prosesində iştirak edən insanlara treyninqlərin keçirilməsi istiqamətində fəaliyyət göstərəcəyik", - komissiyasının sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti