...

Azərbaycan müxalifəti kütləvi aksiyalarla uğur qazana bilməz – partiya sədri Sərdar Cəlaloğlu

Siyasət Materials 17 May 2010 12:33 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının rəhbəri hesab edir ki, bəzi siyasi təşkilatların kütləvi aksiyalar keçirmək cəhdləri ilə indki situasiyanı dəyişmək mümkün olmayacaq.
Azərbaycan müxalifəti kütləvi aksiyalarla uğur qazana bilməz – partiya sədri Sərdar Cəlaloğlu

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının rəhbəri hesab edir ki, bəzi siyasi təşkilatların kütləvi aksiyalar keçirmək cəhdləri ilə indki situasiyanı dəyişmək mümkün olmayacaq.

"Müxalifət Parlament seçkilərində hər hansı uğur əldə etmək istəyirsə, tamamilə fərqli taktika seçməlidir", - bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend-in arayışı: "Azadlıq" bloku, Müsavat və Ümid partiyaları may ərzində bir neçə etiraz aksiyası keçirməyə cəhd edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Cəlaloğlunun sözlərinə görə, kütləvi aksiyalar məsələsi müxalifət üçün ikinci, üçüncü dərəcəli olmalıdır.

"Biz daha çox müxalifət qüvvələrinin birliyinə nail olmalıyıq. Təəssüf ki, indi bu istiqamətdə heç bir irəliləyişə nail ola bilmirik", - partiya sədri əlavə edib.

Onun fikrincə, müxalifətin birliyi məhdud məqsədlərə də yönəlməməlidir.

"İndiki situasiyada müxalifətin həmrəyliyinə daha çox ehtiyac var. Əgər bu həmrəyliyə nail ola bilsək, cəmiyyətin də müxalifətə olan inamını qaytara bilərik. Məncə, seçkilərdə uğur əldə etməyimiz üçün bizim həmrəyliyimiz hər şeydən vacibdir", - ADP sədri vurğulayıb.

Müxalifətin birliyi ilə bağlı yeni cəhdlərə gəldikdə, Cəlaloğlu bir daha belə təşəbbüslə çııxş etməyəcəyini deyib.

"Əlbəttə, siyasi mübarizənin əsas şərtlərindən biri əldə olunan nəticə ilə bağlıdır. Amma bir daha şahidi oldum ki, bizim müxalifət demokratik dəyərləri hələ də tam mənimsəməyib. Belə olan halda, yenidən birliklə bağlı təşəbbüslərin heç bir mənası yoxdur", - o xatırladıb.

ADP sədri Parlament seçkilərində iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi prosesinin davam edəcəyini bildirib.
"İndiyədək 31 nəfərin deputatlığa namizəd olacağı dəqiqləşdirilib. Biz, ümumilikdə, 70-dən çox dairədə namizəd irəli sürmək niyyətindəyik", - Cəlaloğlu qeyd edib.

Sаğtəmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq, keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək, özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti