...

Azərbaycanla bağlı həmməruzəçi kimi fəaliyyətim faydalı olacaq - Pedro Aqramunt Font de Mora (MÜSAHİBƏ)

Siyasət Materials 25 İyun 2010 16:03 (UTC +04:00)

Fransa, Strasburq, 25 iyun /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi, ispaniyalı deputat Pedro Aqramunt Font de Moranın Trend-ə eksklüziv müsahibəsi

- Azərbaycan üzrə həmməruzəçi təyin olunmağınızla bağlı hansı təəssüratlarınız var?

- Azərbaycan üzrə təmsil olunduğum Avropa Xalq Partiyası siyasi qrupunun üzvləri tərəfindən əksər səsçoxluğu ilə və sonra AŞ PA-nın Monitorinq Komitəsi tərəfindən həmməruzəçi təyin olunmağımdan çox məmnunam. Artıq həmməruzəçi kimi fəaliyyətə başlamaq lazımdır. Artıq indiyə kimi Azərbaycanla bağlı hazırlanmış dosye və hesabatları nəzərdən keçirmək üçün mənə göndərilməsini xahiş etmişəm. Mən onları yay ayları ərzində nəzərdən keçirəcəm və cari ilin avqust ayından etibarən işləməyə başlayacam.

- Azərbaycan haqqında hansı məlumatlara maliksiniz? Ölkəyə səfər etmisinizmi?

- Əlbəttə. Azərbaycana çoxlu səfər etmişəm. İlk dəfə 8-9 il bundan əvvəl səfər etmişəm. Səfərlərimin birində bir gündə qaçqın və məcburi köçkünlərin məskunlaşdığı 12 çadır şəhərciyinə baş çəkdik. Həmin vaxt onların şəraiti acınacaqlı idi. Bu isə Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır nəticələr idi və mən onları öz gözlərimlə gördüm. İki-üç dəfə Azərbaycanda keçirilən seçkiləri müşahidə missiyasının tərkibində ölkəyə səfər etmişəm. Azərbaycanı az da olsa tanıyıram. Müstəqillikdən bu yana Azərbaycanın keçdiyi inkişaf yolu haqqında məlumatlarım var.

- Həmməruzəçi kimi gələcək fəaliyyətinizi necə görürsünüz?

- Fəaliyyətimi obyektiv şəkildə davam etdirəcəm. Azərbaycan üzrə digər həmməruzəçi Jozef Debona Qrexi çox da yaxşı tanımıram. Amma o, AŞ PA-nın köhnə üzvlərindən biri kimi böyük təcrübəyə malikdir. Marağımızdadır ki, Azərbaycan hökumətinə başlanmış islahatları, xüsusilə, AŞ-nin təşviq etdiyi dəyərləri həyata keçirməkdə yardım edək. Monitorinq Komitəsinin Monako üzrə keçmiş məruzəçisi kimi təcrübəyə malikəm. Əlbəttə ki, bunlar eyni şey deyil, amma işləmək üçün faydalı olacaq. Ümid edirəm ki, Avropa Şurasının təşviq etdiyi dəyərləri müdafiə etmək və Azərbaycandakı vəziyyəti daha yaxından başa düşmək və izləmək üçün həmməruzəçi kimi fəaliyyətim faydalı olacaq.

- Azərbaycandakı seçkiöncəsi vəziyyəti necə dəyərləndirirsiniz?

- Mən həm Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərini müşahidə edəcək və Belçikanın nümayəndə heyətinin sədri Pol Villenin (Paul Wille) rəhbərlik edəcəyi 30 nəfərlik seçkiləri müşahidə missiyasının, həm də AŞ PA-da təmsil olunan siyasi qrupların üzvlərindən təşkil olunan (Avropa Xalq Partiyası, Sosialistlər, Avropa Liberallar və Demokratlar, Avropa Demokratlar və Birləşmiş Avropa Solçular siyasi qrupları) beş nəfərdən ibarət seçkiöncəsi missiyanın tərkibində müşahidəçi kimi Azərbaycana səfər edəcəm. Dəqiq tarix haqqında bir şey deyə bilmərəm. Amma Azərbaycana seçkiöncəsi missiyanın tərkibində parlament seçkilərindən bir ay əvvəl səfər edəcəyimi düşünürəm. Azərbaycan hakimiyyəti, siyasi partiyalar, müxalifət, KİV-lə bağlı məsələlərdə çox maraqlıyam. Ümid edirəm ki, Azərbaycandakı vəziyyəti yaxından tanımaq və obyektiv məlumatlar almaq imkanım olacaq.

Xəbər lenti

Xəbər lenti