...

ABŞ Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verir – səfirlik

Siyasət Materials 30 Avqust 2010 18:02 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları payızda Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verir.
ABŞ Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verir – səfirlik

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir T.Hacıyev/

Amerika Birləşmiş Ştatları payızda Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasət şöbəsinin rəhbəri cənab Rayan Kempbel və demokratiya və insan haqları üzrə müşavir xanım Brijit Buşe Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) sədri ilə keçirdikləri görüş zamanı bildiriblər.

Görüş zamanı səfirliyinin nümayəndələri tərəfindən qeyd olunub ki, ABŞ hökuməti bu seçkiləri diqqətdə saxlayacaq. Qonaqlar, həmçinin, ABŞ-ın fundamental azadlıqların və insan hüquqlarının qorunmasında Azərbaycana bundan sonra da öz dəstəyini əsirgəməyəcəyini və bununla bağlı hökümətlə və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcəyini deyiblər.

Öz növbəsində AMİP sədri Yusif Bağırzadə seçki və seçkiqabağı mühit barədə rəhbərlik etdiyi partiyanın mövqeyini çatdırıb. Bağırzadə bildirib ki, AMİP payızda keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işlərinə start verib.

"Ölkədə demokratik inkişafın və hüquqi cəmiyyətin qurulması seçkilərdən birbaşa asılıdır. Məhz buna görə də rəhbərlik etdiyim siyasi təşkilat həmişə seçkilərə xüsusi önəm verib", - Bağırzadə bildirib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti