Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda keçiriləcək parlament seçkilərində vahid seçki blokunun yaradılmaması nəticəsində müxalifətdən olan namizədlərin seçkidə az səs toplayacağını proqnozlaşdıranlar var.
"Müxalifətin seçkilərə ayrı-ayrı bloklar şəklində getməsi müxalifətdən olan namizədlərin səslərinin parçalanmasına səbəb olacaq", - bunu çərşənbə axşamı Trend-ə açıqlamasında "İnsan Naminə" seçki blokunun həmtəsisçisi olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirb.
Əliyev deyib ki, ayrı-ayrı bloklar şəklində seçkilərə getmək müxalifət üçün ideal variant deyil.
"Ancaq nə etmək olar ki, bu, acı da olsa, həqiqətdir. Biz ilin əvvəlindən bildirmişdik ki, müxalifətin birgə getməsi arzu olunur, lakin proses baş tutmadı. Bu, obyektiv və təəssüf olsun ki, bir neçə halarda subyektiv səbəblərdən baş verdi", - Əliyev deyib.
VİP sədri bildirib ki, müxalifətin parlamentdə beşdə bir hissəyə sahib olaraq fraksiya yarada bilməsi indiki mərhələdə ən böyük uğur hesab oluna bilər.
Müxalif Ümid Partiyasının sədri, "Qarabağ" seçki blokunun həmtəsisçisi İqbal Ağazadə çərşənbə axşamı Trend-ə açıqlamasında bildirib ki, seçkilərdə səslərin parçalanması anlayışı olmayacaq.
"Adətən hər dairədə mübarizə iki şəxs arasında gedir. Üçüncü adam birinci və ikincidən qat-qat aşağı səviyyədə olur. Kim özünü hansı tərəfdən göstərirsə, o tərəfdən də seçici ona yanaşır. Majoritar seçkidə hər kəs fərdi qaydada prosesdə iştirak edir. Kim yaxşı iştirak edəcəksə, o da səs qazanacaq", - Ağazadə əlavə edib.
Partiya sədri hesab edir ki, müxalifətin vahid cəbhə kimi seçkilərə getməməsi seçici aktivliyinə mənfi təsir göstərəcək.
"Güman edirəm ki, yalnız seçici aktivliyinin aşağı düşməsindən söhbət gedə bilər. Seçici aktivliyi aşağı düşə bilər. Birləşmiş müxalifət seçkiyə getsəydi, aktivlik 50-55 faiz, bəlkə bir az da yüksək ola bilərdi. Amma birləşmiş müxalifət olmayacağı təqdirdə, seçici aktivliyi 25-30 və ya 32 faiz ola bilər", - Ağazadə deyib
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, "Demokratiya" seçki blokunun həmtəsisçisi Sabir Rüstəmxanlı fərqli mövqe ortalığa qoyub. Onun fikrincə, proses hələ bitməyib və yenidən bir neçə blok da birləşə bilər.
"Bloklaşma prosesi hələ də gedir. İndi də intensiv şəkildə danışıqlar davam edir. Ola bilər ki, digər blokla da birlik yaratmaq mükün olsun. Əsas odur ki, müxalif bloklar seçkilərdə bir-birlərinə qarşı mübarizə aparmasınlar. Bəzi bloklarla razılıq əldə oluna bilər. Əsas odur ki, məqsəd və məram bir olsun", - Rüstəmxanlı Trend-ə bildirib.
"İslahat" seçki blokunun həmtəsisçisi olan Ədalət Partiyasının sədri İlyas İsmayılov hesab edir ki, seçkilərdə uğur qazanmaq bloklardan deyil, namizədlərin özlərinin şəxsi keyfiyyətlərindən, təbliğat işini necə qurmalarından asılıdır.
"Ayrı-ayrı partiyaların blok yaradıb bir blok şəklində seçkilərə qatılması isə müsbət haldır. O ki qaldı bütün müxalifətin seçkilərə vahid cəbhə olaraq seçkilərə qatılmasına, bu mümkün deyil. Bu ideal variantdır, lakin heç vaxt əldə olunmur", - İsmayılov bildirib.
Rəsmi elanı gözlənilən "Müsavat-AXCP" seçki blokunun həmtəsisçilərindən biri olan Müsavat Partiyasının sədr müavini Sülhəddin Əkbər Trend-ə açıqlaması zamanı qeyd edib ki, real müxalifət qüvvələri artıq bir araya gəlib.
"Azərbaycanın gerçək müxalifəti Müsavat və Xalq Cəbhəsi partiyalarıdır. Sabah Müsavat partiyasının Divanın və AXCP-nin Məclisinin toplantısı keçiriləcək. Blok yaradılması haqqında qərarın verilməsi planlaşdırılır", - Əkbər qeyd edib.
Partiya funksioneri digər siyasi qüvvələrlə əməkdaşlığı istisna etməyib.
"Seçki kampaniyası dövründə digər demokratik siyasi qüvvələrlə də nəzəri cəhətdən əməkdaşlıq mümkündür. Xüsusilə, bir-birinə qarşı təbliğat aparmamaq, səyləri birləşdirmək, seçkiyə nəzarət, seçkilərin nəticələrinin qiymətləndirilməsi və digər məsələlər kampaniya dövründə də müzakirə oluna bilər", - Əkbər bildirib.
Azərbaycanda artıq müxalifət partiyalarını özündə birləşdirən 4 seçki bloku elan edilib. Sabah isə AXCP və Müsavat Partiyasının birgə blok elan edəcəyi gözlənilir.