...

Azərbaycanda dini radikalizmin güclənməsində xarici qüvvələrin təsiri var – ekspert

Siyasət Materials 14 Yanvar 2011 16:20 (UTC +04:00)
Azərbaycanda dini radikalizmin güclənməsində xarici qüvvələrin təsiri var. Bu barədə cümə günü Trend-ə tarix elmləri doktoru, professor Cəmil Həsənli bildirib.
Azərbaycanda dini radikalizmin güclənməsində xarici qüvvələrin təsiri var – ekspert

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda dini radikalizmin güclənməsində xarici qüvvələrin təsiri var. Bu barədə cümə günü Trend-ə tarix elmləri doktoru, professor Cəmil Həsənli bildirib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra postsovet coğrafiyasında bu və ya digər məqsədlər üçün din faktorundan istifadə edilir.

"Həm vəhabilik önə çəkilib, həm də radikalizm meyilləri müşahidə olunub. Müəyyən xarici qüvvələr əhalinin dini inanclarından siyasi məqsədlər üçün istifadə etməyə cəhdlər göstərirlər. Bu istiqamətdə artıq müəyyən təcrübə toplanıb", - Həsənli əlavə edib.

O hesab edir ki, Azərbaycanın dünyəvi dövlət olması Azərbaycan xalqının böyük nailiyyətlərindən biridir.

"Azərbaycan dünyəvi dövlətdir, ancaq dini etiqad baxımından müsəlman ölkəsi hesab olunur. Əhalinin mütləq əksəriyyəti müsəlmanlardır. Burada din azaddır, dini ayinlərin icra edilməsi azaddır", - Həsənli qeyd edib.

Həsənli deyib ki, xarici qüvvələrin təsiri ilə yanaşı, ölkə daxilindəki bəzi problemlər də dini radikalizmin güclənməsinə səbəb olub.

"Hazırda Azərbaycanda demokratik müxalifətin zəifləməsi nəticəsində yaranan boşluğu islamçılar tutmağa başlayıblar", - o vurğulayıb.

Bu günlərdə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və onun yaxınları həbs edilib. Axtarış zamanı Səmədova məxsus mağazada və onun yaxınlarının evlərində silah-sursat aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti