...

Ankarada 20 Yanvar faciəsinə həsr olunmuş sərgi keçirilib

Siyasət Materials 20 Yanvar 2011 02:10 (UTC +04:00)
Azərbaycanın Türkiyədəkı səfirliyi tərəfindən 20 Yanvar Şəhidlər Günü münasibətilə xatirə tədbirləri çərçivəsində Ankaradakı “Atatürk Orman Çiftliyi”nin Kino və Sərgi Salonunda geniş tərkibli sərgi təşkil olunub. Bunu Trend-ə cümə axşamı Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.
Ankarada 20 Yanvar faciəsinə həsr olunmuş sərgi keçirilib

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycanın Türkiyədəkı səfirliyi tərəfindən 20 Yanvar Şəhidlər Günü münasibətilə xatirə tədbirləri çərçivəsində Ankaradakı "Atatürk Orman Çiftliyi"nin Kino və Sərgi Salonunda geniş tərkibli sərgi təşkil olunub. Bunu Trend-ə cümə axşamı Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.

Tədbirdə Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və onların xanımları, diaspor nümayəndələri, elm və incəsənət xadimləri, Türkiyənin yüksək vəzifəli şəxslərinin xanımları, çox sayda KİV nümayəndəsi iştirak ediblər.

Tədbiri Azərbaycan səfirinin xanımı Lalə Bağırova açaraq, "21-ci əsrin astanasında belə bir insanlıq faciəsinin yaşanması heç vaxt unudulmayacaq. Biz bu gün, o faciəli gecədə olanları qərənfillərin dili ilə sizlərə təqdim edirik. Qoy bir daha belə faciə yaşanmasın. Gənclər həlak olmasın. Analar ağlamasın" sözlərini dilə gətirib.

Daha sonra söz Qazi Universitetinin Professoru, həmvətənimiz Rahilə Şükürovaya verilmişdir. O öz növbəsində, "Bu qətliyamı edənlər öz çirkin əməllərini gecə həyata keçirdilər. Zənn etdilər ki, gecə bu çirkinliyi örtəcək. Lakin Azərbaycan xalqının azadlıq mübarizəsi bütün bunları ifşa etdi və unudulmaz yaddaşımıza yazdı. Biz bu olanları heç vaxt unutmayacağıq və Azərbaycan xalqının müstəqillik uğrunda ödədiyi bədəlləri bütün dünyanın diqqətinə çatdıracağıq" sözlərini dilə gətirib.

Ardından Ankara Özəl Balet Məktəbinin Rəqs Qrupundan iki tələbə "Eşq və İnsanlığın öldüyü gecə" sərlövhəli rəqs nümayiş etdirmişlər.

Sonra Ankara Dövlət Operasının incəsənət xadimləri Tərlan Qəzənfəroğlu (skripka) və Natalia Qrudnyankovanın (pianino) ifa etdikləri həzin musiqi sədaları altında tədbir iştirakçıları sərgidə nümayiş etdirilən 20 yanvar faciəsini əks etdirən rəsimlərlə və qeyd olunan faciəni qərənfillərin dili ilə anladan sənət əsərləri ilə tanış olmuşlar.

Sonda sərgi iştirakçıları üçün furşet təşkil olunmuşdur.

19 yanvar tarixində Türkiyənin Haber Türk qəzetində 20 yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur.

Salmanov onu da bildirib ki, 20 yanvar faciəsi münasibətilə xatirə tədbirləri çərçivəsində cümə axşamı Azərbaycanın Türkiyədəki Səfirliyi ilə Türkiyənin nüfuzlu fikir quruluşlarından biri olan Türkiyə Stratejik Araşdırmalar mərkəzi müştərək olaraq geniş tərkibli konfrans təşkil edəcəklər. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti