...

Azərbaycan Prezidentinin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib (FOTO)

Siyasət Materials 9 Mart 2011 19:08 (UTC +04:00)
Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidentinin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib (FOTO)

Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlə tanış oldu.

Prezident İlham Əliyev müşavirəni açaraq ötən illərdə respublikamızın paytaxtında konkret proqramlar əsasında həyata keçirilən silsilə və kompleks tədbirləri təhlil etdi.

Bakının meqapolisə çevrilməsinin prioritet məqsəd olduğunu vurğulayan dövlətimizin başçısı ötən müddətdə paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər kommunal sahələrin təkmilləşdirilməsi üçün hərtərəfli tədbirlərin reallaşdırıldığını bildirdi.

Bakıda böyük abadlıq və yaşıllaşdırma işlərinin görüldüyünü, mədəniyyət ocaqlarının əsaslı təmir olunduğunu, İçərişəhərin YUNESKO-nun dünya mədəni irs siyahısına salındığını vurğulayan Prezident İlham Əliyev paytaxtda Heydər Əliyev Mərkəzinin inşasının nəinki ölkəmizdə, o cümlədən beynəlxalq səviyyədə nadir layihələrdən olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrdə aparılan yenidənqurma tədbirlərinin bundan sonra daha da vüsət alacağını vurğuladı, bu məqsədlə xüsusi dövlət proqramı üzərində iş getdiyini, müşavirənin də məhz bu məqsədə xidmət etdiyini bildirdi.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı əsasında ötən müddətdə həyata keçirilən silsilə tədbirləri diqqətə çatdırdı. Bakı və ətraf qəsəbələrdə reallaşdırılan kompleks yenidənqurma işlərində Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulayan Hacıbala Abutalıbov mövcud problemlərdən də danışdı və həyata keçiriləcək növbəti tədbirlərlə bağlı təkliflərini irəli sürdü.

Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Rasim Ağayev, Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədri Nizami Namazəliyev, Suraxanı rayon İcra hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəsi Elçin Seyfullayev, Binəqədi bələdiyyəsinin sədri Fəzail Babayev və Xəzər rayonu Şağan qəsəbəsinin sakini Təvəkkül Səlimov ötən illərdə görülən tədbirlərdən danışdılar, sakinlərin arzu və təkliflərini diqqətə çatdırdılar. Onlar Bakı və ətraf qəsəbələrin yenidən qurulmasında yaxından iştirakına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya xüsusi minnətdarlıqlarını bildirdilər.

Prezident İlham Əliyev yekun nitqində müşavirədə irəli sürülən təkliflər də nəzərə alınmaqla, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanacaq yeni proqramda nəzərdə tutulacaq tədbirlərin 3 il ərzində icra olunması barədə tapşırıqlarını verdi.

Dövlətimizin başçısı elektrik enerjisi, qaz, içməli su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi sahəsində işlərin bundan sonra daha da genişləndirilməsinin vacibliyini bildirdi, qısa müddətdə qəsəbələrarası və qəsəbədaxili yolların müasir səviyyəyə çatdırılması barədə tapşırıqlarını verdi.

Şəxsi evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələyə münasibətini bildirən Prezident İlham Əliyev bu problemin heç bir mənfi hala yol verilmədən, konkret və şəffaf mexanizm əsasında tezliklə aradan qaldırılmasını tapşırdı. Dövlətimizin başçısı ətraf qəsəbələrdə təhsil, səhiyyə və idman obyektlərinin tikintisinin genişləndirilməsinin, həmçinin mədəniyyət ocaqlarının və dini abidələrin yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini bildirdi.

Ekoloji məsələlərin də xüsusi diqqət mərkəzində olduğu müşavirədə Prezident İlham Əliyev yaxın illərdə paytaxtda və ətraf qəsəbələrdə abadlıq və yaşıllaşdırma tədbirlərinin miqyasının əsaslı şəkildə artırılması, şəhərətrafı ərazilərdə meşə zolaqlarının salınması barədə də tapşırıqlarını verdi, ölkəmizdə "Ağ şəhər" kimi beynəlxalq səviyyəli layihələrin reallaşdırılacağını bildirdi.

Dövlətimizin başçısı Bakının qəsəbələrində əhalinin məşğulluğunun artırılması və iqtisadiyyatın ənənəvi sahələrinin dirçəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi mexanizminin müəyyənləşdirilməsi, bu işlərə xarici investorların cəlb edilməsi və həmin tədbirlərdə Azərbaycan İnvestisiya Şirkətinin yaxından iştirakı ilə bağlı fikirlərini bildirdi.

Prezident İlham Əliyev respublikamızda istehsal edilən məhsulların süni qiymət artımı ilə bağlı ciddi tədbirlərin həyata keçirildiyini vurğuladı.

Müşavirənin yekununda dövlətimizin başçısı Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının qısa müddətdə hazırlanmasını tapşırdı.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti