...

Milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunur - milli təhlükəsizlik naziri (FOTO)

Siyasət Materials 28 Mart 2011 18:38 (UTC +04:00)
Çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunur. Trend-in məlumatına görə, bu barədə milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin akt zalında keçirilən bayram mərasimində çıxışı zamanı milli təhlükəsizlik naziri Eldar Mahmudov deyib.
Milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunur - milli təhlükəsizlik naziri (FOTO)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir K.Zərbalıyeva/

Çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunur. Trend-in məlumatına görə, bu barədə milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin akt zalında keçirilən bayram mərasimində çıxışı zamanı milli təhlükəsizlik naziri Eldar Mahmudov deyib.

Nazirliyin İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumatda qeyd olunur ki, nazir çıxışında xüsusi xidmət orqanlarının ölkədə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib.

Milli təhlükəsizlik naziri Azərbaycan xalqının mənafelərinin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyini, vaxtında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində ekstremist-terrorçu niyyətlərin və konkret cinayətkar hərəkətlərin qarşısının qətiyyətlə alındığını bildirib.

Peşə bayramı münasibətilə bayram tədbirləri keçirilib.

MTN-in Heydər Əliyev adına Akademiyasında keçirilən tədbirdə akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib.

Ümummilli lider Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Nazir Mahmudov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının 92-ci ildönümü münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, gənc zabit korpusunun yetişdirilməsi üçün maddi-texniki imkanları ildən-ilə artan akademiyada hər cür şərait yaradılıb. Nazir milli təhlükəsizlik orqanlarına, onun şəxsi heyətinə göstərdiyi gündəlik diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Bu gün Azərbaycanın dinamik inkişaf etdiyini qeyd edən nazir Eldar Mahmudov, ölkədə hərtərəfli islahatların aparıldığını, yeni iqtisadi layihələrin həyata keçirildiyini, uğurlu dövlət quruculuğu siyasəti nəticəsində respublikanın dünyanın aparıcı dövlətləri sırasında yerinin ildən-ilə möhkəmləndiyini vurğulayıb.

"Ancaq inkişafımızı gözü götürməyən qüvvələr də var. Əminəm ki, gənclərimiz, o cümlədən kursantlarımız yad təsirlərdən uzaq durmağı, pisi yaxşıdan seçməyi bacarırlar. Onlar ölkənin tərəqqisi, öz gələcəkləri naminə aparılan siyasətə dəstək verirlər. Son vaxtlar bütün ölkə miqyasında neqativ hallara, xüsusilə də korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi ümumən insanların öz sabahlarına olan inamlarını daha da artırır. Bu mühüm tədbirlərin uğurla həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyinin də üzərinə böyük vəzifələr qoyulu b. Ümumi məqsəd ölkənin iqtisadi inkişafına yönəlmiş bütün səylər və islahatlar üçün əlverişli şərait yaratmaqdır. Sözsüz ki, ən mühüm vəzifə düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Milli Təhlükəsizlik Nazirliyi ölkə rəhbəri tərəfindən həyata keçirilən çoxsahəli fəaliyyətlərdə, o cümlədən informasiya mübarizəsində yaxından iştirak edir. Bu təhsil ocağının üzərinə Azərbaycanın təhlükəsizliyinə cavabdehlik daşımağa qadir gənc kadrların yetişdirilməsi kimi mühüm vəzifə düşür", - nazir vurğulayıb.

Son bir il ərzində görülmüş işlər və əldə edilmiş uğurlar nəzərə çatdırılıb. Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulayıb.

Sonda kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Bundan sonra Milli Təhlükəsizlik Nazirliyində Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə geniş təntənəli mərasim keçirilib.

Əvvəlcə mərasim iştirakçıları Milli Təhlükəsizlik Nazirliyinin ən müasir tələblərə cavab verən yeni inşa olunmuş inzibati binasının açılışında iştirak ediblər. İlk öncə binanın foyesində Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, ümummilli lider Heydər Əliyevin tanınmış heykəltəraş Fuad Salayev tərəfindən hazırlanmış büstü önünə əklil qoyulun və xatirəsi ehtiramla yad edilib. Qonaqlar ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Sonra tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə tarixə qəhrəmanlıq salnaməsi yazmış milli təhlükəsizlik orqanlarının əməkdaşları olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının xatirəsinə yaradılmış guşəyə baxıblar.

Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında davam etdirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik edib.

Nazir qeyd edib ki, Azərbaycan özünün tarixi inkişafının müasirləşmə və yeniləşmə mərhələsini yaşayır. Azərbaycanda həyata keçirilən tarazlı və milli maraqlara xidmət edən fəaliyyət strategiyası ölkəmizdə normal iqtisadi inkişafın və sosial-siyasi sabitliyin başlıca təminatıdır. Təməli ulu öndər Heydər Əliyev tərə­fin­­dən qoyulmuş sabitlik və inkişaf kursu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xalqımızın bu kursu birmənalı dəstəkləməsi ümummilli liderin dövlətçilik strategiyasına etimad deməkdir. Ölkə­nin siyasi gücünün, iqtisadi poten­sia­lı­nın və beynəl­xalq nüfuzunun yüksəlmə­sində digər dövlət orqanları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də yaxından iştirak edir.

Nazir Eldar Mahmudov bilidirib ki, Azərbaycanın əlverişli geosiyasi mövqeyi, iqtisadi və tranzit potensialı, eləcə də digər müsbət amillər xarici xüsusi xidmət orqanları və kriminal elementləri üçün cəzbedici görünür. Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat sahəsi üzrə fəaliyyətində bu amillərə xüsusi fikir verilir. Vaxtında görülmüş tədbirlər sayəsində xarici xüsusi xid­­mət orqanlarının və digər subyektlərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qabaqlanması və ifşa edilməsi istiqamətində işlər uğurla davam etdirili b. Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanətə və casusluğa görə 12 nəfər ifşa olunu b.

Milli Təhlükəsizlik Nazirliyinin çox mühüm bir fəaliyyət istiqamətinin terrorçuluğa qarşı mübarizə təşkil etdiyini bildirən nazir Eldar Mahmudov, 2010-cu ildən hazırkı dövrədək antiterror xətti ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 cinayət işinin başlandığını, 29 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edib.

Azərbaycanın iqtisadi potensialı əleyhinə təhdidlərin neytrallaşdırılması milli təhlükəsizliyimiz üçün mühüm şərtdir. Bu sahədə fəaliyyət iqtisadi və maliyyə cinayətləri, korrupsiyaya, dələduzluq, qaçaqmalçılıq hallarına qarşı mübarizə və əldə olunmuş konkret nəticələrlə xarakterikdir. Nazir Eldar Mahmudov korrupsiya probleminə ayrıca toxunaraq bildirib ki, bu, Azərbaycan Prezidentini və cəmiyyətini narahat edən bir məsələdir. Ötən dövr ərzində korrupsiya faktları üzrə ümumən 8 cinayət işi başlanıb, 12 nəfər məsuliyyətə cəlb olunub.

Nazirliyin funksional vəzifələri arasında informasiya təhlükəsizliyinin təmini xüsusi önəm daşıyır. İnformasiya texnologiyaları sahəsində cinayətlərlə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyətin müasir tələblərə uyğun qurulmasına ciddi fikir verilir. Təcrübə göstərir ki, açıq qaynaqlar bir sıra ölkələrdə sabitliyin total surətdə pozulması üçün vasitə rolunu oynayır. Xüsusən təbii sərvətlərlə zəngin, həssas dini mühiti və çoxmillətli olan ölkələr hədəfə alınır. Təsir altına yetkin siyasi şüura malik olmayan gənclər düşür. Bu vəziyyətdən xarici qüvvələr, həm də daxildəki müəyyən ünsürlər faydalanmağa çalışırlar. Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə keçirilən səmərəli əməliyyat-axtarış tədbirləri nəticəsində ötən dövr ərzində ümumən 24 cinayət işi başlanı b, 44 nəfər cinayət məsuliyyətinə cəlb olunu b.

Milli-mənəvi dəyərlər, demoqrafik sabitlik və humanitar təhlükəsizlik cəmiyyət üçün vacib meyarlardır. Bu mənada, narkotik vasi­tə­lərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, o cümlədən Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyinin təmini hər zaman olduğu kimi fəaliyyət prioritetlərini təşkil edir. Bu sahələrdə önəmli uğurlar əldə edili b. Ötən müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində 30 transmilli qrup zərərsizləşdirili b, 1 ton 550 kiloqram narkotik müsadirə olunu b, həmin faktlarla bağlı 44 cinayət işi başlanı b. Bu istiqamətdə digər dövlətlərin hüquq -mühafizə və xüsusi xidmət orqanları ilə qurulmuş səmərəli əməkdaşlıq münasibətləri xüsusi qeyd edilib.

İstintaq fəaliyyətinin səmərəli aparıldığını, cinayətlərin açılmasına, cinayətkarların ifşa olunmasına dəyərli töhfələr verildiyini qeyd edən nazir Eldar Mahmudov, ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyində 147 cinayət işinin istintaqının başa çatdırıldığını bildirib.

Məlumdur ki, hər bir orqanın fəaliyyətinin uğuru ilkin olaraq üç təmələ, yəni işin təşkili, kadr potensialı və xidmət şəraitinə əsaslanır. MTN-də günün tələblərinə uyğun struktur islahatlar aparılıb və normativ hüquqi bazanın təkmilləşdirilməsi işi davam etdirilib. Perspektivli, yüksək savada və dünyagörüşünə malik kadrlarla komplektləşmə, şəxsi heyətin bilik və bacarıqlarının, fiziki və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, vətənpərvərliyə və peşəkarlığa xüsusi diqqət yetirilir. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası kadrların hazırlığı və təkmilləşdirilməsi sahəsində mühüm rol oynayır.

Nazir Eldar Mahmudov bildirib ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və şəxsi heyətin sosial müdafiəsinin gücləndiril­məsi istiqamətində də tədbirlər davam etdirilib. Bir sıra strukturlar üçün yeni inzibati binaların inşası, habelə zəruri təmir-tikinti və bərpa işləri ardıcıl surətdə aparılıb.

Qeyd olunub ki, peşə bayramı ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin ən yüksək standartlara malik yeni inzibati binasının istifadəyə verilməsi xüsusilə əlamətdardır. Bundan əlavə, ötən il ərzində nazirliyin qapalı idman kompleksi istifadəyə verilib, Hərbi Hospitalda və İstirahət evində tikinti işləri isə plan üzrə aparılır.

Mühüm sahələrdən olan beynəlxalq əlaqələrin daim diqqət mərkəzində saxlanıldığını və tərəfdaşlıq münasibətlərinin müsbət dinamikada inkişaf etdiyini vurğulayan nazir Eldar Mahmudov, hazırda Milli Təhlükəsizlik Nazirliyinin 60-a yaxın xarici xüsusi xidmət orqanı və beynəlxalq təşkilatla əməkdaşlıq etdiyini bildirib.

Milli Təhlükəsizlik Nazirliyində ictimaiyyətlə əlaqələrin səmərəli təşkilinə xüsusi fikir verilir. MTN-in fəaliyyətinin işıqlandırılması, görülən tədbirlər, əldə edilən nəticələr barədə cəmiyyətin operativ məlumatlandırılması təmin edilir. Hər bir şəxs həm gündəlik mətbuat səhifələrində, həm də MTN-in rəsmi internet səhifəsində lazimi məlumtlarla tanış ola bilir.

Qeyd olunub ki, Ermənistan xətti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öl­kə rəh­bər­liyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması prioritetdir. Dövlət başçısının düşmənə qarşı infor­ma­si­ya mübarizəsində "hücum taktikası"na dair tövsiyələri rəhbər tutularaq bu işin məqsədyönlü, planlı və digər dövlət orqan­­ları ilə əla­qəli aparılması istiqamətində fəaliyyət ardıcıl davam etdirilib. Ermənistanın terror siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran müxtəlif sənədli filmlər, 25 mindən çox kitab və digər vəsait hazırlanıb, xarici dillərə tərcümə edilib və yayılıb. Bütün bu işlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xüsusi rolu olub.

Nazir Eldar Mahmudov bildirib ki, peşə bayramı ilə əlaqədar Prezidentin sərəncamları ilə nazirliyin bir qrup əməkdaşının yüksək dövlət mükafatlarına layiq görülməsi və ali zabit rütbəsinin verilməsi şəxsi heyətin məsuliyyət hissini daha da artırmalıdır. Bir daha dövlət başçısına, Ali Baş Komandan İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını çatdıran milli təhlükəsizlik naziri bildirib ki, digər hüquq-mühafizə orqanları və maraqlı dövlət strukturları, eləcə də ictimaiyyətlə səmərəli və işgüzar əlaqələr, qarşılıqlı etimad uğurlara stimul verən başlıca şərtlərdəndir. Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarının icrasına hər an və dönmədən hazır olduğunu bildirərək deyib: "Dövlət başçısının söylədiyi bir fikri xatırlatmaq istəyirəm - Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, sabitlik qorunub saxlanır. Bu ifadə bizi ikiqat məsuliyyətli olmağa çağırır".

Yığıncaqda Milli Təhlükəszilik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edib, MTN tərəfindən həyata keçirilən tədbirlərin, əldə olunan uğurların cəmiyyətdə rəğbətlə qarşılandığını qeyd edib, Akademiyada aparılan təlim-tədris prosesi barədə danışıb. Sonra təbriklə çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının da şəxsi heyətə təbriklərini çatdırıb, dövlətçiliyimizin və milli maraqlarımızın təhlükəsizliyinin təmin olunmasında MTN-in rolunun yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Mərasimdə MTN əməkdaşlarına ali hərbi rütbə və təltiflərin verilməsi barədə Azərbaycan Prezidentinin 2011-ci il 18 mart tarixli sərəncamları elan olunub. Bu, şəxsi heyət tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Milli Təhlükəsizlik Nazirliyinin arxiv materialları əsasında tanınmış kinorejissor Vaqif Mustafayevin hazırladığı "Təxribat" sənədli filmi nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti