Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/
Avropa İttifaqının Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı son bəyanatı faktlara söykənmir. Aİ-nin mövqeyi obyektivlikdən uzaqdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
O, bildirib ki, 2 aprel tarixində bəzi müxalifət partiyaları Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə mitinq keçirməkdən imtina edərək, qanunsuz hərəkətlərə yol verib. Belə olan halda isə hüquq-mühafizə orqanları qanuni addımlar atıb.
Qurbanlının sözlərinə görə, Avropa ölkələrinin özündə də belə hərəkətlərin qarşısı dövlət orqanları tərəfindən alınır. Buna görə də bu cür bəyanat səsləndirmək reallıqdan tamamilə uzaqdır.
"Bəyanatda bildirilir ki, aksiya zamanı KİV nümayəndələrinə təzyiqlər edilib, onlar saxlanılıb. Əslində, belə deyil. Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Ola bilsin ki, kimsə özü jurnalist olub, amma siyasi partiya üzvü kimi bu qanunsuz aksiyada iştirak edib. Belələrinin digər aksiya iştirakçılarından heç bir fərqi yoxdur. Bilirsiniz ki, bu hadisələr zamanı jurnalistlərə bütün imkanlar yaradılmışdı, KİV nümayəndələri xüsusi geyimlərdə idi. Onlar sərbəst şəkildə hadisələri işıqlandırdılar", - YAP icra katibinin müavini vurğulayıb.
Qurbanlı qeyd edib ki, bu gün ictimai-siyasi sabitlik Azərbaycan vətəndaşları üçün, bütövlükdə xalqımız üçün çox önəmlidir.
"Ölkəmiz Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Bizim qarşımızda duran ən mühüm vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Belə bir şəraitdə Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması birbaşa təcavüzkar Ermənistana xeyir gətirən məsələdir. Ona görə də, Azərbaycan xalqı sabitliyin pozulmasına yönələn bütün cəhdlərin əleyhinədir", - millət vəkili bildirib.