Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın İsveçrədəki səfirliyi bu ölkənin Xarici İşlər Federal Departamentinə etiraz notası göndərib.
29 aprel-3 may tarixlərində Cenevrə şəhərində 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisi keçirilir. Həmin sərgidə Ermənistan şərəf qonağı qismində iştirak edir və mayın 2-də Ermənistanın prezidenti sərgini ziyarət edəcək.
Sərginin açılışı zamanı məlum olub ki, Ermənistana aid stendlərdə Azərbaycanın ərazi bütövlüyünü təhrif edən müvafiq materiallar nümayiş etdirilir. Bununla əlaqədar olaraq, səfirlik tərəfindən dərhal İsveçrənin Xarici İşlər Federal Departamentinə və sərginin təşkilatçılarına məlumat verilib, narahatçılıq və etiraz ifadə edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi XİN-in mətbuat xidməti məlumat yayıb.
Bununla yanaşı, səfir Murad Nəcəfbəyli sərginin təşkili üzrə məsul olan qurumun rəhbərləri Bernard Quiot və Adeline Beaux ilə görüş keçirib. Səfir Azərbaycanın narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb, həmin materiallarda həqiqətə uyğun olmayan məqamları əyani olaraq nümayiş etdirib və onların sərgidən çıxarılmasını tələb edib.
Eyni zamanda, səfirlik İsveçrənin Xarici İşlər Departamentinə etiraz notası ünvanlayıb, bu etirazın mahiyyəti izah edilib və məsələ ilə bağlı İsveçrə tərəfindən müvafiq tədbirlərin görülməsi xahiş edilib.