Azərbaycan, Bakı, 20 may /Trend/
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov cümə günü ölkədə səfərdə olan Avropa İttifaqının məsul nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi mətbuat xidmətindən bildirilib.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri vurğulanıb, beynəlxalq təşkilatlar tərəfindən ölkədə aparılan demokratik islahatların təqdir edilməsi, birgə həyata keçirilən proqramların əhəmiyyəti və faydası qeyd olunaraq, bu mühüm layihələrin uğurla icra olunacağına əminlik ifadə olunub.
Avropa İttifaqının nümayəndələri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi niyyətində olduğunu bildirərək, layihələrin daha da zənginləşdirilməsi üçün ölkəmizdə uğurla aparılan ədliyyə və məhkəmə islahatlarının son nailiyyətləri ilə maraqlanıblar.
Görüş zamanı, qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub, Hərtərəfli İnstitusional Quruculuq birgə proqramı üzrə qarşıda duran işlərdən danışılıb, habelə layihələrin səmərəsinin artırılmasına dair konkret təkliflər irəli sürülüb.