Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Hacıyev/
Avronest Parlament Assambleyasının ikinci sessiyası 2012-ci ilin may ayında Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə mətbuata müsahibəsində millət vəkili, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Prosedur Qaydalarının 7-ci maddəsinə uyğun olaraq, Avronest PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi təklifi ilə çıxış etmişdi. Lakin Büronun iyunun 21-də keçirilən iclasında bu təkliflə bağlı səsvermə zamanı Azərbaycan, Ukrayna, Gürcüstan və AVRONEST PA-nın həmprezidenti Xristian Vigen Plenar iclasın Azərbaycanda keçirilməsini dəstəkləsələr də, Ermənistan, Büronun üzvləri olan polşalı deputat Saryuj-Volski və rumıniyalı deputat Trayan Unqreanu bunun əleyhinə səs vermişdilər, Moldova isə bitərəf qalmışdı. 2/3 səs çoxluğu qazanılmadığından məsələyə sentyabr sessiyası zamanı Büro iclasında yenidən baxılması qərara alınmışdı.
Süleymanov bildirib ki, Avronest PA-nın növbəti sessiyasının 2012-ci ilin may ayında Bakıda keçirilməsi barədə qərar artıq qəbul edilib.
"Hesab edirəm ki, bu qərar Azərbaycan nümayəndə heyətinin əldə etdiyi siyasi uğurdur", - o vurğulayıb.
Süleymanov qəbul olunmuş digər qərarlar barədə də bildirib.
"Qərara alınıb ki, komitələrin iclaslarının hansı ölkədə keçiriləcəyi barədə məsələlər Büroda müzakirə edilsin. Büro Sosial komitənin iclasının 2012-ci ilin fevral ayında Ermənistanda keçirilməsi haqqında da qərar qəbul edib. Büroda, həmçinin yeni məruzə mövzuları, fəaliyyət planı müzakirə edilib", - o bildirib.