Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığı Xarici İşlər Nazirliyinin ikitərəfli işlər üzrə baş direktoru Qeert Muyllenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən çərşənbə axşamı yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib, qonaqlara Azərbaycanın enerji strategiyası, regionda həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm strateji rolu vurğulanaraq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi və enerji sahələri, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə belçikalı rəsmiyə ətraflı məlumat verilib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi vurğulanıb.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın strateji rolu müzakirə olunub
Elmar Məmmədyarov Belçika Krallığı Xarici İşlər Nazirliyinin ikitərəfli işlər üzrə baş direktoru Qeert Muyllenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.