...

Kamran Əliyev: Dövlət məmurunun tutduğu vəzifədən və almış olduğu rüşvətin məbləğindən asılı olmayaraq ən sərt tədbirlər görülür və görüləcək (MÜSAHİBƏ)

Siyasət Materials 10 Oktyabr 2011 10:48
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin Trend informasiya agentliyinə müsahibəsi
Kamran Əliyev: Dövlət məmurunun tutduğu vəzifədən və almış olduğu rüşvətin məbləğindən asılı olmayaraq ən sərt tədbirlər görülür və görüləcək (MÜSAHİBƏ)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin Trend informasiya agentliyinə müsahibəsi

- Kamran müəllim, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, hüquq müdafiəçisi İntiqam Əliyev mətbuata müsahibəsində Laçın rayon Təhsil Şöbəsinin əməkdaşı Aqil Cabbarovun rüşvət almağa görə həbs edilməsini ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan tədbir kimi qiymətləndirmədiyini bildirmişdir. Bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 2011-ci ilin əvvəlindən bu siyasət mahiyyəti etibarı ilə yeni müstəviyə qaldırılmışdır. Ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha müntəzəm, daha ardıcıl və kompleks şəkildə həyata keçirilməsinə başlanmışdır. Birləşmiş Millətlər Təşkilatının "Korrupsiya əleyhinə" və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" konvensiyaları rüşvət almanı (passiv rüşvətxorluğu) korrupsiya cinayətlərinin ən təhlükəli təzahürlərindən biri hesab edir. Lakin təəssüflər olsun ki, bəziləri öz qeyri-peşəkar yanaşma və fikirləri ilə bu siyasətin üzərinə kölgə salmağa və ictimaiyyəti çaşdırmağa cəhd edirlər. Dövlət məmurunun tutduğu vəzifə və almış olduğu rüşvətin məbləğindən asılı olmayaraq, ən sərt tədbirlər görülür və görüləcəkdir.

- Hüquq müdafiəçisinin müsahibəsindən belə bir fikir formalaşır ki, Azərbaycan Respublikasında korrupsiyaya qarşı kifayət qədər mübarizə aparılmır. Bu barədə fikrinizi bilmək maraqlı olardı.

- Cari ilin əvvəlindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və sistemli tədbirlər öz müsbət nəticəsini göstərməkdədir. 2011-ci ilin yarım illiyi ilə əlaqədar keçirilmiş mətbuat konfransı və Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatları vasitəsi ilə İdarə tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılır. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu yaxınlarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən, Fransanın paytaxtı Paris şəhərində təşkil edilmiş iclasda İdarənin nümayəndə heyəti hesabatla çıxış etmiş və adıçəkilən təşkilat tərəfindən hesabatımız müsbət qarşılanmaqla dəstəklənmişdir. Amma təbii ki, korrupsiyaya qarşı mübarizə tədbirləri birdən-birə nəticə göstərə bilməz. Beynəlxalq təcrübə də göstərir ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli və müsbət nəticə verməsi üçün bu mübarizə mütəmadi və davamlı xarakter daşımalıdır. Odur ki, prokurorluq orqanları tərəfindən bu istiqamətdə ən zəruri tədbirlərin görülməsi sistemli və ardıcıl olaraq davam etdirilir.

- Prokurorluq orqanlarına, o cümlədən rəhbərlik etdiyiniz İdarəyə qarşı iradlardan biri də kütləvi informasiya vasitələrində yayımlanan korrupsiya faktları barədə məlumatlara adekvat reaksiyanın verilməməsidir. Bu barədə nə deyə bilərsiniz?

- Korrupsiyaya qarşı mübarizə real faktlar üzərində qurulmalıdır. Prokurorluq orqanları tərəfindən bu mübarizə qərəzsiz və obyektiv faktlara əsaslanmaqla qanunla nəzərdə tutulmuş üsul və vasitələrlə həyata keçirilir. Təəsüflər olsun ki, bəzən mətbuatda qərəzli və qeyri-obyektiv yazılar dərc olunur, bu yazılar da korrupsiya araşdırmaları üçün kifayət qədər əsaslı hesab edilə bilməz.

- Ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görüləcək tədbirlər barədə nə deyə bilərsiniz?

- Ölkə Prezidentinin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri bundan sonra da sistemli və ardıcıl olaraq həyata keçiriləcəkdir. Odur ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməli və korrupsiya hallarına yol verməməlidir. İdarənin "161- Qaynar xətt" əlaqə mərkəzinə hər hansı bir dövlət məmuru barəsində məlumat daxil olduqda, tam və hərtərəfli araşdırmaların aparılması təmin edilməklə nəticəsindən asılı olaraq qanunda nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcəkdir.

Xəbər lenti

Xəbər lenti