Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu ABŞ-ın Nevada ştatında keçirilmiş növbəti Milli İxracat Şurasının konfransı və sərgisində iştirak edib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, Milli İxracat Şurasının konfransında ölkələr üzrə ayrılmış fərdi iclasda Baş konsulluğun vitse-konsulu Ramil Qurbanov Azərbaycanın müstəqilliyinin bərpasından ötən 20 il ərzində ölkədə aparılan iqtisadi islahatlar, iqtisadi-ticari sahədə nailiyyətlər, ölkənin qeyri-neft sektoruna investisiya qoyuluşu, məhsul və xidmət sahəsində idxal imkanları barədə ətraflı məlumat verib.
Konfrans çərçivəsində təşkil edilmiş sərgi pavilyonunda Azərbaycan üçün ayrılmış guşədə Baş konsulluğun əməkdaşı Fərid Musayev konfrans və sərgi iştirakçılarına Azərbaycana investisiya qoyuluşu, məhsulların idxalı imkanları barədə məlumat verib, sərgi iştirakçılarının suallarını cavablandırıb.
Sərgi guşəsində Azərbaycan haqqında ətraflı məlumatlar, ölkənin iqtisadi imkanları və s. barədə məlumatları özündə əks etdirən kitab və bukletlər də paylanılıb.
Baş konsulluğun əməkdaşları, həmçinin ABŞ-ın aparıcı şirkətlərinin nümayəndələri, rəsmi şəxsləri və digər ölkə nümayəndələrinin də qatıldığı konfransın iclaslarında iştirak edib, bir sıra şirkətlərin nümayəndələri ilə görüşlər keçirərək Azərbaycan şirkətləri ilə ticari əlaqələrin qurulması imkanları barədə müzakirələr aparıblar.