Azərbaycan, Bakı, 30 dekabr / Trend müxbir M.Əliyev/
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı məsələlərlə mübarizəni prioritet kimi qarşıya qoymalıdırlar. Trend-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin cümə günü keçirilən iclasında Azərbaycanın İsveçrədəki səfirliyinin təsis edilməsi ilə bağlı müzakirələrdə deyib.
Paşayevanın sözlərinə görə, İsveçrə də qondarma soyqırım məsələsinə biganə qalmayan ölkələrdəndir.
"Qondarma "soyqırım"ın 100 illiyi yaxınlaşdıqca ermənilər Avropanın digər ölkələrində də daha çox aktivlik göstərəcəklər və həmin ölkələrdə də ermənilər Fransanın son zamanlar müzakirə olunan qanunu qəbul etməsini gözləyirlər", - millət vəkili deyib.
Paşayeva bildirib ki, Azərbaycan səfirlikləri bu məsələyə diqqətlə yanaşmalıdır və qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin müzakirə olunması həmin ölkələrin Azərbaycanla da münasibətlərinə təsir edəcək.
Millət vəkili Sabir Rüstəmxanlı qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, İsveçrə Fransadan qabaq qondarma "erməni soyqırımı"nı tanıyan və bunu inkar edənlərə qarşı cəza tətbiq edən ilk Avropa ölkəsidir. "Bu "xəstəlik" məhz İsveçrədən dünyaya yayılıb. Ona görə də Azərbaycanın həmin ölkəyə gedən səfirləri bunu ciddi nəzərə almalıdır", - Rüstəmxanlı deyib.
Parlament "Azərbaycanın İsveçrədəki səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsini qəbul edib.