Təmkin Cəfərov, Trend-in İran redaksiyasının icmalçısı
Regionda bir çox ortaq mənafeləri olan İran və Türkiyə rəsmiləri arasında son vaxtlar keçirilən görüşlərın sayı o qədər də az deyil.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun yanvarın 4-də Tehrana səfərindən öncə verdiyi açıqlamada bir günlük səfəri zamanı İran rəsmiləri ilə ölkənin nüvə proqramı, Suriya və İraqda baş verən hadisələri müzakirə edəcəyini bildirib.
Türkiyə XİN rəhbərinin bu səfəri İrana qarşı beynəlxalq təzyiqlərin artdığı və Tehran-Ankara münasibətlərinin son aylarda gərginləşdiyi bir zamanda baş tutur.
İran və Türkiyə arasında əmtəə dövriyyəsi 2010-cu ildə 10 milyard dollar təşkil edib və iki ölkə rəsmiləri bu rəqəmin ildə 30 milyard dollara çatdırılmasında maraqlı olduqlarını bildiriblər.
Ötən illər ərzində Qərb ölkələri İranı nüvə proqramı ilə bağlı küncə sıxışdırmağa çalışsalar da, bunun əksinə olaraq, Türkiyə İranla iqtisadi əlaqələrini daha da genişləndirib.
Hazırda İrana qarşı sanksiyalar daha da artırılıb, xüsusilə də İran Mərkəzi Bankı və İran neftinə qarşı sanksiyaların tətbiq olunması iki ölkə arasında genişlənən iqtisadi münasibətlərə də təsir edir.
Türkiyənin enerji naziri ötən gün deyib ki, əgər yeni bir hadisə baş verməzsə, Türkiyə İranla neft ticarətini davam etdirəcək.
Türkiyə neftə olan təlabatının 30 faizini, yəni, sutkada 200 min bareldən çox nefti İrandan alır.
Beynəlxalq sanksiyalarla bağlı Hindistanın Ehtiyat Bankı [Reserve Bank of India] 2010-cu ilin dekabr ayından etibarən bu ölkənin İrandan idxal etdiyi neftin pulunun Asiya Klirinq Birliyi (Asian Clearing Union) sistemində ödənilməsini qadağan etdi, Hindistan şirkətləri yerli banklar vasitəsilə İrandan idxal edilən neftin pulunu ödəyə bilmədilər. Sonda ötən ilin avqust ayında Hindistan İrandan aldığın neftin pulunu (5 milyard dollara yaxın pulu) Türkiyənin "Halk Bank"ı vasitəsi ilə bu ölkəyə ödədi.
Ekspertlər hesab edirlər ki, İranın Mərkəzi Bankına və İran neftinə tətbiq olunan sanksiyalar bu ölkənin digər neft müştəriləri kimi, Türkiyəyə də təsir edir.
Məhz bu səbəbdən iqtisadi maraqlarını öndə tutan Ankara bu dönəmdə İrana lobbiçilik etməklə ABŞ-ın Tehrana qarşı sanksiyalarının yüngülləşdirilməsinə çalışır. Türkiyənin xarici işlər naziri Davudoğlunun bir ay ərzində ABŞ-a və Rusiyaya, eləcə də Fars körfəzi və Avropa İttifaqı ölkələrinə səfərləri nəzərdə tutulub.
"Biz bütün tərəflərlə və təşkilatlarla bir ay ərzində görüşlər keçirəcəyik. Ən əhəmiyyətli məsələ regionda gərginliyin azaldılmasıdır", - Davudoğlu İrana səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.
İqtisadi sahələrdə əməkdaşlıqla yanaşı, İran və Türkiyə iki ölkə ərazisində fəaliyyət göstərən PKK terror təşkilatı ilə mübarizədə də müştərək əməkdaşlıq edirlər.
Bütün bunlara baxmayaraq, regionun, demək olar ki, aparıcı gücü hesab edilən Tehran və Ankara arasında Suriya məsələsi ilə bağlı əsaslı fikir ayrılığı mövcuddur.
Suriyada müxalifətçilərə edilən təzyiqlər və onların öldürülməsi faktlarının artması ilə Türkiyə ötən aylar ərzində Bəşşar Əsəd rejimindən uzaqlaşıb və rəsmi Ankara hesab edir ki, ölkədə baş verənlərə nəzarət edə bilməyən Suriya prezidenti öz legitimliyini itirib.
İranın bəzi rəsmiləri Türkiyənin Suriya ilə bağlı mövqeyini və həmçinin Ankaranın Misiri Türkiyə siyasi modelinin tətbiqinə dəvət etməsini sərt tənqid ediblər.
Hətta İranın Ali Liderinin hərbi məsələlər üzrə baş müşaviri Yəhya Rəhim Səfəvi üç ay öncə "Türkiyənin siyasi rəhbərliyi İranla əlaqələrini şəffaf etməzsə, problemlə üzləşəcəklər" deyə Ankaraya xəbərdarlıq etmişdi. Səfəvi onu da qeyd etmişdi ki, Türkiyə İranla iqtisadi əlaqələrini genişləndirmək üçün bu ölkə ilə siyasətlərində uyğunluq yaratmalıdır.
İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) digər bir komandiri də Ankaraya xəbərdarlıq edərək, İrana qarşı hərbi müdaxilə olunarsa, Tehranın öncə Türkiyə ərazisində NATO-nun yerləşdirəcəyi RƏM sistemlərini hədəfə alacağını bildirmişdi.
İran rəsmilərinin bu mövqelərinə Türkiyə rəsmiləri sərt reaksiya verdi və İslam Respublikasının XİN rəhbəri Əli Əkbər Salehi Türkiyə tərəfinə belə çıxışların ölkəsinin rəsmi mövqeyi olmadığını bildirdi.
Regionda son zamanlar baş verən bir çox siyasi hadisələr onu deməyə əsas verir ki, İran hazırkı çətin vəziyyətdə Türkiyəyə rəqib ölkə deyil, dost ölkə olmaqda maraqlıdır.