...

Gürcüstan Prezidenti Mixail Saakaşvili Heydər Əliyev Fondunda olub (FOTO)

Siyasət Materials 6 Mart 2012 20:57 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə axşamı Heydər Əliyev Fondunda olub.
Gürcüstan Prezidenti Mixail Saakaşvili Heydər Əliyev Fondunda olub (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə axşamı Heydər Əliyev Fondunda olub.

Gürcüstan dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Gürcüstan Prezidenti Mixail Saakaşvili ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.

Fondla tanışlıq zamanı Gürcüstan Prezidentinə məlumat verilib ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Ali qonağa xatirə hədiyyəsi təqdim olunub.

Prezident Mixail Saakaşvili Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.

Xəbər lenti

Xəbər lenti