Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Rusiya Federasiyasının İstintaq Komitəsinin əməkdaşları Baş Prokurorluqda olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-19-da baş tutmuş səfər Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında 2010-cu ilin sentyabrında imzalanmış əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilib.
Prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən islahatlar, o cümlədən Baş Prokurorluq və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması və sistemin əsas parametrləri və funksionallığı barədə qonaqlara ətraflı məlumat verilib.
Xüsusi qeyd edilib ki, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən hazırlanmış "Elektron Sənəd Dövriyyəsi" Proqramına ilkin mərhələdə Baş Prokurorluğun idarə və şöbələrinin, növbəti mərhələdə Respublika Hərbi Prokurorluğunun, Bakı şəhər prokurorluğunun, Bakı şəhərinin rayon prokurorluqlarının, daha sonra isə rayon (şəhər) və ərazi hərbi prokurorluqlarının qoşulması nəzərdə tutulub.
Hazırda Baş Prokurorluğun hər bir idarə və şöbələrində elektron arxivlər yaradılmaqla, sənədlərin elektron dövriyyəsi və idarədaxili mübadiləsinin geniş tətbiq olunması, eyni zamanda, Baş Prokurorluq və bütün tabe prokurorluqlar arasında optik kabel vasitəsilə vahid şəbəkənin yaradılması, sistemin fəaliyyətini təmin edə biləcək müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində konkret tədbirlərin həyata keçirildiyi bildirilib.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub, mərkəzin kafedra və laboratoriyalarında istifadə edilən müasir avadanlıqlarla tanış olub və onlara prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış "İmtahan" sistemi, həmçinin xüsusi məlumatların verilməsi nəzərdə tutulan cinayət xarakterli faktlar barədə operativ məlumatların uçotu üzrə "Xüsusi məlumat" informasiya sistemi barədə məlumat verilib.
Rusiya İstintaq Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Prokurorluğunda müasir informasiya texnologiyalarının tətbiqini yüksək qiymətləndirərək, "Elektron Sənəd Dövriyyəsi" Proqramını təqdirəlayiq addım kimi dəyərləndiriblər.
İnformasiya texnologiyalarının, o cümlədən "Elektron Sənəd Dövriyyəsi" Proqramının tətbiqi ilə əlaqədar Azərbaycan Prokurorluğunun müsbət iş təcrübəsinin Rusiya İstintaq Komitəsində tətbiqi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, həmçinin bu istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı və davam etdirilməsinə əminlik ifadə olunub.