...

Prezident İlham Əliyev və xanımı Bakı Funikulyorunun, yeraltı piyada keçidinin açılışlarında iştirak ediblər (FOTO)

Siyasət Materials 23 May 2012 17:58 (UTC +04:00)
Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə günü açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Bakı Funikulyorunun, yeraltı piyada keçidinin açılışlarında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə günü açılış mərasimində iştirak ediblər.

Son illər paytaxtda həyata keçirilən quruculuq tədbirləri, parkların və xiyabanların abadlaşdırılması, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində təmir edilməsi və inşası, nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenidən qurulması Bakını dünyanın inkişaf etmiş şəhərlərindən birinə çevirməkdədir. Paytaxtın gözəlliyinə xüsusi yaraşıq verən, şəhərimizin sakinlərinə və qonaqlarına xidmət göstərəcək Bakı Funikulyorunun əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü quruculuq işlərinin davamıdır.

Bakı Funikulyoru 1960-cı il mayın 5-də istifadəyə verilib. Funikulyorun ilk vaqonları o zaman xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq gətirilib. İki stansiyadan ibarət funikulyorun vaqonu saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

Bakı Funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən ötən il Bakı Funikulyorunun əsaslı şəkildə təmiri və yenidən qurulması işlərinə başlanılıb. Funikulyorun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlanıb. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Dövlətimizin başçısı Bakı Funikulyorunun açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Funikulyorunun əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış oldular.

Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnmiş, yeni vaqonlar alınıb. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilmiş funikulyorun hər iki stansiyası şüşədən hazırlanıb. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funikulyorla yuxarı stansiyaya qalxdılar.

Bakı Funikulyoru ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak ediblər.

Azərbaycan Prezidenti keçidin açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov yeraltı piyada keçidinin texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Uzunluğu 54, eni 6 metr olan yeraltı keçid Bəhram Gur abidəsi tərəfdən Dənizkənarı Milli parka və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi istiqamətinə keçən piyadaların rahat gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək. Yeraltı piyada keçidində müasir işıqlandırma sistemi quraşdırılıb. Keçidin inşası zamanı burada mövcud olan kommunikasiya sistemi yenilənib.

Azərbaycan Prezidenti və xanımı yeni piyada keçidi ilə tanış oldular.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxdılar.

Dövlətimizin başçısı və xanımı Dənizkənarı Milli Parkın "Venesiya" adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlandılar.

Dənizkənarı Milli Parka xüsusi gözəllik verən bu ərazidə abadlıq və quruculuq işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi. Burada əhalinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd edildi.

Daha sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə baxdılar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının yaxınlığında tikilib istifadəyə verilən yeni iaşə obyektləri ilə də tanış oldular.

Xəbər lenti

Xəbər lenti