Azərbaycan, Bakı, 25 may /Trend, müxbir S.Ağayeva/
Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etməsi düşünülməmiş, səhv və ədalətsiz qərardır. Trend-in məlumatına görə, bu barədə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev brifinqdə bildirib.
"Azərbaycandakı vəziyyət diqqətlə öyrənilmədən ölkədə "Eurovision" müsabiqəsinin keçirildiyi dövrdə AP-nin azsaylı deputatlarının belə bir sənədi qəbul etməsi bu institutun imicinə və neytrallığına zərbədir", - Abdullayev deyib.
O qeyd edib ki, qətnamədə Azərbaycanın ünvanına irəli sürülən bütün ittihamlar absurd, qərəzli və yolverilməzdir.
XİN nümayəndəsinin sözlərinə görə, bu, Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsidir və belə sənəd qəbul etməklə Avropa Parlamenti öz şəffaflığını və obyektivliyini şübhə altında qoyur.
"Nə üçün Avropa deputatları Avropa ölkələrindəki antisemitizm və ksenofobiya barədə susurlar?" - Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda müxalifətin özünü azad hiss etməsi üçün hər cür şərait yaradılıb.
Dünən, mayın 24-də Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycan hökumətinə dinc aksiyaların keçirilməsinə icazə verilməsi çağırışı yer alır.
Qətnamədə, həmçinin "Eurovision-2012" müsabiqəsi iştirakçıları və tamaşaçılarının radikal islamçılar tərəfindən hədələnməsi pislənilir.