...

Oqtay Əsədov: Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 May 2012 12:33 (UTC +04:00)
Milli Məclis Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etirazını bildirib.
Oqtay Əsədov: Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/

Milli Məclis Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etirazını bildirib.

"Belə bir təcili qətnamənin qəbul edilməsinin qərəzli olması ilə bağlı Avropa Parlamentinin rəhbərliyinə məktub ünvanlanıb. Bir il öncə Avropa Parlamentinin yaratdığı Avronest-in əsas məqsədlərindən biri də odur ki, üzv ölkələrdə olan məsələlər müzakirə olunsun. Azərbaycana qarşı qəbul olunan qərarın əsas səbəbi Azərbaycanın inkişafı və ona qarşı olan qısqanclıqdır. Bütün müşahidəçilərin rəyinə görə, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi çox yüksək səviyyədə təşkil olunub. Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb", - spiker Oqtay Əsədov deyib.

Sədr bildirib ki, bu qərar erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr tərəfindən qəbul olunub.

"Bir sıra təşkilatlar antiazərbaycan kampaniyasına başlayıb, lakin Azərbaycanı dövlət quruculuğu yolundan heç kim döndərə bilməz", - Əsədov qeyd edib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev çıxışında bildirib ki, qətnamədə dövlətin QHT-lərə dəstək göstərməməsi ilə bağlı fikir əsassızdır.

"Hər kəs yaxşı bilir ki, bu, belə deyil. Bir çox beynəlxalq tədbirlərdə Azərbaycanda QHT-lərə göstərilən yardım müsbət hal kimi qeyd olunur", - o deyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycanın AP ilə ikitərəfli münasibətlərinə xələl gətirir.

Avropa Parlamentinin qərarını qeyri-obyektiv, qərəzli hesab edən millət vəkili qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar onu sevməyənləri narahat edir.

Səməd Seyidovun Avropa Parlamenti ilə münasibətlərə yenidən baxılması ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildiriən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, Azərbaycanla Avropa Parlamenti arasındakı əməkdaşlıq münasibətlərinə yenidən baxılmasına ciddi əsaslar var. Əli Əhmədov bildirib ki, Parlament bununla bağlı özünün kəskin və aydın mövqeyini ortaya qoymalıdır.

"Bu mövqe parlamentin böyük bir hissəsini təşkil edən YAP qrupunun mövqeyi kimi ortaya qoyulmalıdır. Qoy deputatlar ədalətsiz mövqe ilə əlaqədar daha ciddi müzakirələr aparsın. Bu da onların aydın münasibətinin ifadəsi ola bilər", - Əhmədov əlavə edib

Deputat Rövşən Rzayev çıxışında bildirib ki, 24 may tarixində Avropa Parlamentinin qəbul etdiyi qətnamə qərəzli və faktlar yoxlanılmadan hazırlanıb.

Deputat qeyd edib ki, Azərbaycan müstəqil, demokratik dövlət quruculuğu yolundadır və bu yolda sürətlə irəliləyir.

"Azərbaycanı narahat edən yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir və Avropa Parlamenti 1 milyon hüququ tapdalanmış şəxslərin müdafiəsinə qalxmır", - Rzayev deyib.

Xəbər lenti

Xəbər lenti