...

Elnur Aslanov: Erməniləri azərbaycanlılardan qisas almağa çağıran Serj Sarkisyan, faktiki olaraq milli əlamətlərinə görə insanlara hücüm etmək komandası verdi

Siyasət Materials 7 Sentyabr 2012 16:13 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Trend-ə müsahibəsi
Elnur Aslanov: Erməniləri azərbaycanlılardan qisas almağa çağıran Serj Sarkisyan, faktiki olaraq milli əlamətlərinə görə insanlara hücüm etmək komandası verdi

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Trend-ə müsahibəsi

- Son günlər Ermənistan Prezidenti Serj Sarkisyan fəal şəkildə Azərbaycana ünvanlanmış zorakılığa açıq-aşkar çağırışlar etməyə başlayıb...

- Son hadisələr lakmus kağızı kimi Yerevanda qeyri-adekvat reaksiya doğuraraq Ermənistandakı irimiqyaslı siyasi böhranı aşkara çıxardı.

Azərbaycanlıların simasında düşmən obrazını kəskinləşdirən Prezident Serj Sarkisyan bir qədər canfəşanlıq edib. O, erməniləri azərbaycanlılardan qisas almağa çağıraraq, faktiki olaraq milli əlamətlərinə görə insanlara hücüm etmək komandası verib. Beləliklə, o, növbəti dəfə dözülməzlik nümayiş etdirərək, ölkəni məyus edən ictimai-iqtisadi və siyasi vəziyyətdən əhalinin diqqətini yayındırmaq cəhdində Azərbaycanı göstərdi. Ən maraqlısı odur ki, elə dünən Milli Yığıncağın növbədənkənar iclası zamanı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Sarkisyanın sözlərini təkrarlayaraq "Karfagen mütləq dağıdılmalıdır" tezisini işlətdi və Ermənistanda gündən-günə intişar tapan ksenofobiyanın miqyasını təsdiqlədi.

- Sizcə, hakim "Qarabağ" klanının ucbatından Ermənistan cəmiyyətinin düşdüyü vəziyyət bu ölkə üçün yaxın perspektivdə hansı təhlükələri doğura bilər?

- Ermənistandakı hazırkı siyasi böhran parlament seçkilərindən sonra güclənən xaosun yalnız məntiqi sonudur. Ermənistan əhalisini həyasızcasına "ikinci növə", kasıblara, gələcəyi olmayan insanlara çevirirlər. İnsanlarda qanuna, tibbi yardıma, ləyaqətli işə və maaşa malik olmaq imkanının olmasına əminlik yoxdur.

Parlament seçkilərinin nəticələri, eləcə də seçicilərin kütləvi şəkildə satın alınması Ermənistan əhalisinin vəziyyətinin nə dərəcədə cansıxıcı olduğunu nümayiş etdirir. Artıq bu gün əvvəlcədən demək mümkündür ki, qarşıdan gələn 2013-cü il prezident seçkilərində xalq narazılığını kütləvi etiraz aksiyaları ilə ifadə edəcək. Həmin dövr Ermənistanda sosial gərginliyin ən yüksək səviyyəsi ilə xarakterizə olunacaq. Bu halda Yerevanın "kukla teatrı artistləri"nin cavab hərəkətləri effektsiz qalacaq və ehtimal ki, yalnız vəziyyətin kəskinləşməsinə şərait yaradacaq.

- Belə olan halda Sarkisyanın xaricdəki himayədarlarından "səmt küləyi" axtarması lazım gəlməyəcək ki?

- 2013-cü il prezident seçkiləri ərəfəsində Serj Sarkisyanın qarşısında həyatının ən mühüm seçimini etmək duracaq: Ermənistan geosiyasi vektorunu konkret şəkildə müəyyən etməlidir. Bundan ölkənin inkişaf modelindən daha çox, Sarkisyanın öz postunda siyasi cəhətdən sağqalma dərəcəsi asılı olacaq. Dilemma erməni diasporu tərəfindən diktə edilən inkişafın istiqaməti ilə bu gün ön mövqe kimi erməni dövlətçiliyinin sağqalma dərəcəsini müəyyən edən istiqamət arasındakı aydın işarədən ibarətdir.

Bundan başqa, 2008-ci ilin iqtisadi böhranı Ermənistanın nəqliyyat məhdudiyyətləri ilə şərtlənən geosiyasi vəziyyətinin bütün zəifliklərini aşkara çıxartdı.

- Lakin Ermənistanda daha vacib faktorlardan biri sabiq prezident Koçaryan amilidir. Bütün bu fəaliyyətdə Koçaryan və ona yaxın qüvvələr hansı rol oynaya bilər?

- Qeyd etmək yerinə düşərdi ki, mövcud seçkilərin nəticələrini təkcə daxili qüvvələr deyil, həmçinin mühasirədə və şəxsən Prezident Sarkisyanla qarşıdurmada olan Koçaryan qrupunun oliqarxları gözləyirlər. Prezident hakimiyyətini tapdalayan, mülkiyyət, vergi güzəştləri və digər imtiyazları ələ keçirməkdə kart-blanşa malik erməni siyasi prosesinin varlıları aşkar daxili dəstəyə sahibdirlər. Bu fakt fevral ayındakı prezident seçkiləri də daxil olmaqla, 2013-cü il ərzində daxili siyasi vəziyyətin gələcəkdə mürəkkəbləşməsi proqnozunu təsdiqləyir.

- Dağlıq Qarabağ münaqişəsinin Ermənistandakı vəziyyətə təsirini də qeyd etmək lazımdır. Azərbaycan torpaqlarının işğalının davam etməsi "xərçəng şişi" kimi Ermənistanı regional layihələrdən izolyasiya edərək və atılmış ölkəyə çevirərək onun inkişafını qeyri-mümkün edir. Mövcud vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Yuxarıda qeyd edilən problemlər bir növ siyasi dalandır və bu problemlər Azərbaycanın işğal edilmiş ərazilərində oyuncaq rejimin dəstəklənməsinə dair öhdəliklərlə mürəkkəbləşir. Offşor zonalarda Yerevandakı "kukla teatrı artistləri" və Xankəndindəki "əlaltılar"ın hesablarında maddiləşən erməni vergi ödəyiciləri və diasporunun pulları yoxluğa gedir.

Nəticə aydındır - artıq indi Ermənistan düşünməlidir: ya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində güzəşt, ya da uzun illər ərzində iqtisadiyyatın iflasının "Damokl qılıncı" və həyat səraitinin aşağı səviyyədə olması. Ermənistan vətəndaşları vətəndaşlıq mərdliyi nümayiş etdirməlidirlər. Onlar laxlayan sosial-iqtisadi vəziyyət fonunda avtoritar rejimin dəyişdirilməsini tələb edərək hakimiyyəti vətəndaşlarla hesablaşmağa vadar etməlidirlər. Ölkə əhalisi başa düşməlidir ki, Ermənistanın siyasi rejimi Azərbaycanı cavab addımlarına təhrik edərək onsuz da təhlükəli olan vəziyyəti daha da mürəkkəbləşdirir. Prezident Serj Sarkisyan dözümsüzlük sözünə və Azərbaycan vətəndaşlarına qarşı yönəldilmiş hər bir təcavüzkar akta görə şəxsən məsuliyyət daşıyacaq. Özünü mədəni hesab edən millətin siyasi liderinə qısamüddətli siyasi mənfəətləri naminə hər hansı radikal elementlərə təhrik etmək yaraşmır. Yolayıranı axtarmaq zəifin taktikasıdır.

Azərbaycan tərəfi həmişə konstruktiv dialoqa və münaqişənin sülh yolu ilə nizamlanmasına çalışıb və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üzrə danışıqları Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində davam etdirmək niyyətindədir. Biz gələcəyə baxırıq, münaqişələri həll edən zaman regional əməkdaşlıq həqiqətən də Cənubi Qafqazın dünya siyasi və iqtisadi xəritəsində layiqli yer tutmasına kömək edən istinad nöqtəsi olacaq. Lakin biz hələ də tez-tez problemin həllindən yayınma taktikasının şahidi olduğumuza görə rəsmi Yerevana xatırlatmaq istərdim ki, belə dəvəquşu taktikası aparmağın gələcəyi ola bilməz.

Xəbər lenti

Xəbər lenti