Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Prezident İlham Əliyev İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
İmişli rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İmişli şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin situasiya planını və İmişli şəhər su anbarları kompleksinin baş planını əks etdirən stendlərə baxdı.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Belə bir böyük layihə İmişli rayonunda da həyata keçirilir. Hazırda "Azərsu" ASC İmişli şəhərinin bir hissəsinə xidmət göstərir. Şəhərin 32,5 min nəfər əhalisinin cəmi 11,5 min nəfəri və ya təqribən 36 faizi mərkəzləşdirilmiş şəbəkədən içməli su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1978-ci ildə yaradılmışdır. Mənbə kimi Bəhrəmtəpə qəsəbəsinin yaxınlığında qazılan 4 subartezian quyusundan istifadə olunur. Uzun müddətdir istismar olunan bu mənbənin su ehtiyatlarının keyfiyyətinin getdikcə aşağı düşməsi və qrunt sularının qarışması ilə duzlaşma ehtimalının artması yeni layihədə bu mənbədən imtinaya əsas vermişdir. İmişli şəhərin bir hissəsində 42 kilometr uzunluğunda su, 14 kilometrlik kanalizasiya şəbəkəsi, tutumu 600 kubmetr olan iki su anbarı və iki nasos stansiyası vardır. Toplanan çirkab suları kollektor vasitəsilə Cəfərli kəndinin kənarından keçən şor kollektora axıdılır. İmişli şəhərində mövcud su və kanalizasiya şəbəkəsi istismara yararsızdır. Məhz bu səbəbdən İmişli şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması zərurəti yaranmışdır.
Su mənbəyinin texniki göstəriciləri barədə məlumat verilərkən Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, İmişlinin su təchizatı və kanalizasiya sistemi şəbəkəsi tamamilə yenidən qurulacaqdır. Həmçinin rayon mərkəzi və magistral kəmərin keçdiyi ərazidə yerləşən 6 kəndə - İmişli rayonunun beş və Beyləqan rayonunun bir kəndinə içməli su veriləcəkdir. Layihəyə uyğun olaraq istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün mənbə olaraq Beyləqan rayonu ərazisindəki yeraltı sular seçilmişdir. Burada üç əsas subartezian quyusunda işlər başa çatdırılmış, iki ehtiyat quyunun qazılmasına isə hazırlıq görülür. Quyu zonasından İmişli şəhərinə 31 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Eyni zamanda, şəhərdə 2,5 min kubmetrlik iki və 1500 kubmetr həcmində bir su anbarı, xlorlama binası tikilmiş, 6 kilometr uzunluğunda içməli su şəbəkəsi, 10 kilometr kanalizasiya xətti çəkilmişdir. İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 156 kilometr uzunluğunda içməli su şəbəkəsi, 137 kilometr kanalizasiya şəbəkəsi və 15 kilometr mikrotunel tipli kanalizasiya kollektoru tikiləcəkdir. Bunlarla yanaşı, məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.
Qeyd edildi ki, hazırda tikilən şəlalə rəmzi olaraq suyun artıq İmişliyə gəlib çatmasını bildirir. Buradakı su anbarının ətrafında geniş abadlıq işləri aparılmışdır. Bundan başqa, layihəyə uyğun olaraq, İmişli şəhərinə verilən suyun keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamaq üçün müasir standartlara cavab verən laboratoriya və şəbəkənin avtomatik idarə olunmasını təmin edən SCADA sistemi yaradılacaqdır. Eyni zamanda, hər bir abunəçi "Smart-kart" tipli su sayğacı ilə təmin olunacaqdır. Ümumilikdə bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 50 min nəfərin - İmişli şəhərində 40 min, kəndlərdə 10 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır.
Dövlətimizin başçısı rəmzi olaraq suyun şəhərə verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
İmişli şəhər 5 nömrəli orta məktəbin direktoru Validə Zülfüqarova dövlətimizin başçısına minnətdarlığını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.