...

Azərbaycan-Polşa əlaqələrinin 540 və bərpasının 20 illiyi münasibətilə xatirə medallarının təqdimatı keçirilib

Siyasət Materials 6 Mart 2013 02:57 (UTC +04:00)
Polşanın Numizmatika Birliyində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi münasibətilə təsis olunmuş xatirə medallarının təqdimatı keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Azərbaycan-Polşa əlaqələrinin 540 və bərpasının 20 illiyi münasibətilə xatirə medallarının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Polşanın Numizmatika Birliyində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi münasibətilə təsis olunmuş xatirə medallarının təqdimatı keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Təqdimat mərasimində səfir Həsən Həsənov, Polşa Numizmatika Birliyi Varşava bölməsinin sədri Kazimiej Drojdja və PNB-nin Varşava bölməsi idarə heyətinin üzvü Yuliuş Byenaş çıxış etmişlər.

Kazimiej Drojdja çıxışında mərasimin keçirilməsindən böyük məmnunluq hissi duyduğunu bildirmişdir. Səfir Həsən Həsənov çıxışında Azərbaycanın tarixi, Azərbaycan-Polşa əlaqələrinin qurulması, iki ölkə arasında mövcud olan elmi və mədəni əlaqələr, polyakların Azərbaycan Demokratik Respublikası quruculuğunda oynadıqları əhəmiyyətli rol və xüsusi olaraq, xatirə medalının təsis olunma tarixi haqqında qonaqlara məlumat vermişdir.

Tədbirdə PNB Varşava bölməsi idarə heyətinin üzvü Yuliuş Byenaş "Milli Azərbaycan Tarix Muzeyində saxlanılan Yagellon sikkələri" mövzusunda məruzə etmişdir. XV əsrdə baş verən tarixi hadisələr haqqında məlumat verən məruzəçi Azərbaycan-Polşa diplomatik əlaqələrinin başlanğıcının 1472-ci ilə təsadüf etməsinə baxmayaraq, iki ölkə arasındakı ticarət əlaqələrinin daha qədimlərə gedib çıxdığını vurğulamışdır. Belə ki, əlaqələrin qədimliyini Azərbaycan ərazisində tapılmış qədim Polşa sikkələri bir daha sübut edir. Yuliuş Byenaş çıxışında həmçinin Azərbaycan hökmdarı olmuş Uzun Həsənin hakimiyyəti dövrünə aid sikkələri də qonaqlara təqdim etmişdir. Həmin sikkələrin təqdimatı zamanı müəllif qonaqların diqqətini sikkələrin kalliqrafik işləmələrinə yönəltmişdir. Yuliuş Byenaş bildirmişdir ki, sikkələrin gözəl kalliqrafik üslubda işlənməsi həmin ölkənin qüdrətindən xəbər verir. Müəllif xüsusi olaraq qeyd etmişdir ki, XV əsrdə Azərbaycan və Polşa ərazilərində istifadə olunan sikkələrin çəki və dəyərinin eyni olması iki ölkə arasında ticarət əlaqələrini daha da asanlaşdırmışdır. Məruzə qonaqların böyük marağına səbəb olmuşdur. Yuliuş Byenaşın çıxışını müsbət qiymətləndirən səfir Həsən Həsənov məruzənin Azərbaycanın elmi jurnallarından birində nəşr olunmasını məsləhət görmüşdür. Səfir Həsən Həsənovun təklifi Yuliuş Byenaş tərəfindən məmnuniyyətlə qəbul olunmuşdur.

Sonra Həsən Həsənov Azərbaycan-Polşa elmi əlaqələrinin möhkəmlənməsində göstərdikləri xidmətlərə görə Polşa Numizmatika Birliyinə, PNB Varşava bölməsinin sədri Kazimiej Drojdja, PNB baş idarəsinin direktoru Barbara Solareviçə, PNB-nin Varşava bölməsi idarə heyətinin üzvü Yuliuş Byenaşa və PNB-nin əməkdaşı Qrajına Byenaşa xatirə medallarını təqdim etmişdir.

Qeyd etmək lazımdır ki, Barbara Solareviç, Yuliuş Byenaş və Qrajına Byenaş "Azərbaycan ərazisində tapılan Yaqellon sikkələri" adlı məqalənin müəllifləridir.

Tədbirin sonunda qonaqların sualları cavablandırılmışdır. Səfirlik tərəfindən polyak dilində nəşr etdirilən Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar və təqvimlər qonaqlara təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti