...

Prezident İlham Əliyev Çetinye şəhərindəki Kral Nikolay Sarayında olub (FOTO)

Siyasət Materials 13 Mart 2013 12:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfəri çərçivəsində martın 12-də Çetinye şəhərindəki Kral Nikolay Sarayında olmuşdur.
Prezident İlham Əliyev Çetinye şəhərindəki Kral Nikolay Sarayında olub (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfəri çərçivəsində martın 12-də Çetinye şəhərindəki Kral Nikolay Sarayında olmuşdur.

Dövlətimizin başçısı sarayda yaradılan muzeyə baxmışdır.

Monteneqro Prezidenti Filip Vuyanoviç əvvəlcə Çetinye şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, XIII əsrdə əsası qoyulan Çetinye şəhəri Monteneqronun qədim paytaxtı hesab edilir. Maraqlı və zəngin tarixi olan Çetinyedə çoxlu muzeylər və saraylar vardır. Bu şəhərdəki binalar orijinal arxitekturası ilə seçilir.

Kral Nikolay Sarayı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, saray Kral Nikolayın dövründə 1863-cü ildə tikilib və orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. İndi muzey kimi fəaliyyət göstərən sarayda son illərdə yenidənqurma işləri aparılmış, binanın tarixi görkəmi bərpa edilmişdir.

Muzeyin ekspozisiyası ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanmışdır. Bundan başqa, Kral Nikolay Sarayında bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin qiymətli eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi istifadə olunan hərbi geyimlər nümayiş olunur. Əlbəttə ki, Kral ailəsinə məxsus əşyalar da böyük maraqla qarşılanır. Monteneqronun milli sərvəti olan bu eksponatlar və əşyalar ilk növbədə bu ölkənin tarixi zənginliyindən xəbər verir. Odur ki, burada toplanan eksponatların müxtəlifliyi ölkəyə gələn turistlərdə də böyük maraq yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti