...

Azərbaycanda Çernobıl əlilləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər (FOTO)

Siyasət Materials 19 Aprel 2013 14:42 (UTC +04:00)
Azərbaycan Respublikası "Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 27-ci ildünümü münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında 28-ci respublika konfransı keçirilib.
Azərbaycanda Çernobıl əlilləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 27-ci ildünümü münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında 28-ci respublika konfransı keçirilib.

Trend xəbər verir ki, ənənəvi olaraq keçirilən tədbirin məqsədi Çernobıl faciəsi qurbanlarının xatirəsini anmaq, mövcud problemlərinin və onların dövlət orqanları ilə birgə həlli istiqamətində görülən işlərin müzakirəsi olub.

Konfrans dövlət himninin səslənməsi və Çernobıl qəzası qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransda çıxış edən Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov bildirib ki, bu gün Çernobıl əlilləri dövlətin, xüsusən də Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edirlər.

Onun sözlərinə görə, Azərbaycanda vaxtilə 7 min nəfərdən çox Çernobıl əlili olub. Onlardan 3 minə yaxını dünyasını dəyişib. Hazırda sağ qalan Çernobıl əlillərinin sayı 5100 nəfərdən çoxdur. Onların da 95 faizi əlillik dərəcəsi ilə təmin edilib.

Birliyin sədri qeyd edib ki, son illər ölkə rəhbərliyinin, xüsusən də Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ əlilləri ilə yanaşı Çernobıl əlillərinin də bir qisminin mənzil problemi öz həllini tapıb.

"Bununla yanaşı Çernobıl əlillərinin əsas problemləri sırasında mənzil təminatı məsələsi də var. Biz ümid edirik ki, bu məsələlər də ardıcılllıqla öz həllini tapacaq. Bundan əlavə, Çernobıl əlillərinin özlərinin və övladlarının səhhətində yaranmış problemlər də bizi narahat edir. Əsas da elə səhiyyə problemləridir. İllərlə bu istiqamətdə işlər aparılsa da, yenə bu insanların qayğıya və diqqətə ehtiyacı var. Onların sağlamlığının bərpası və qorunması istiqamətində müəyyən işlərin aparılmasına ehtiyac var", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, Çernobıl qəzası əlillərinin 15-25 yaşlı gənc övladlarının tibbi və sosial problemlərinin həlli çox vacib olan məsələlərdir və bu aidiyyatı üzrə dövlət qurumları tərəfindən ciddi şəkildə təhlil edilməli, problemləri həll olunmalıdır.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, hər il Azərbaycanda Çernobıl qəzası qurbanlarının anım mərasiminin keçirilməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslərin sosial müfaiəsinin təmin edilməsi, reabilitasiyası, müalicəsi ilə əlaqədar kifayət qədər işlər görülüb. Bu məsələlər ölkə başçısının, eləcə də Nazirlər Kabinetinin qərar və sərəncamlarında, qəzada iştirak etmiş şəxslərin sosial müdafiəsi haqqında qanunda öz əksini tapıb.

"Dövlət tərəfindən hər il bu şəxslərin müalicəsi üçün 4826 nəfərə birdəfəlik 176 manat sosial müavinət verilir, 1149 əlilin ailə və 1896 uşağına birdəfəlik müavinət ödənilir. Bundan əlavə, 2792 nəfər əlillə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub, 2000-ci ildən 2013-cü ilə qədər Çernobıl əlillərinə 200-dən artıq mənzil verilib, 60-a yaxın əlil dövlət tərəfindən avtomobillə pulsuz təmin edilib. Hər il bu əlillərin müxtəlif sanatoriyalarda müalicəsi təmin edilir", - nazir müavini vurğulayıb.

Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, qəzadan böyük bir müddət keçməsinə baxmayaraq, hələ də onun nəticələri orada iştirak etmiş şəxslərdə və onların ailə üzvlərində özünü biruzə verir.

"Bu insanların problemlərinə cəmiyyət həssaslıqla yanaşmalıdır. Çünki heç kim bu cür faciələrdən sığortalanmayıb. Ölkə Prezidentinin sosial yönümlü siyasəti nəticəsində bu qəbildən olan insanlara xüsusi diqqət ayrılır və bu tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək", - Mehdiyev bildrib.

Konfransın sonunda tədbir iştirakçıları adından dövlət başçısı İlham Əliyevə müraciət ünvanlanıb.

Sənəddə qeyd edilir:

"Biz, Çernobıl faciəsinin 28-ci konfransının iştirakçıları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 5 fevral 2013-cü il tarixli IV qurultayının qərarına qoşularaq, 2013-cü il prezident seçkilərində məhz sizin namizədliyinizi irəli sürmək və dəstəkləmək barədə qərar qəbul etmişik.

Əmin ola bilərsiniz ki, Çernobıl qəzasında zərər çəkmiş, sağlamlığını itirmiş minlərlə soydaşımız qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq, yekdilliklə Azərbaycanın xoşbəxt gələcəyinə - Sizə səs verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti