...

YAP: Radikal müxalifətin əsgər təəssübkeşliyi sabun köpüyündən başqa bir şey deyil

Siyasət Materials 11 May 2013 12:30 (UTC +04:00)
Radikal müxalifətin əsgər təəssübkeşliyi əslində sabun köpüyündən başqa bir şey deyil. Dağıdıcı müxalifət ölkədə baş verən hər bir hadisəni, insidenti siyasiləşdirməyə, bundan sui-istifadə edərək süni narazılıq yaratmağa, ictimai sabitliyi pozmağa çalışır.
YAP: Radikal müxalifətin əsgər təəssübkeşliyi sabun köpüyündən başqa bir şey deyil

Azərbaycan, Bakı, 11 may /Trend/

Radikal müxalifətin əsgər təəssübkeşliyi əslində sabun köpüyündən başqa bir şey deyil. Dağıdıcı müxalifət ölkədə baş verən hər bir hadisəni, insidenti siyasiləşdirməyə, bundan sui-istifadə edərək süni narazılıq yaratmağa, ictimai sabitliyi pozmağa çalışır. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı mayın 9-da Xaçmaz rayonunun Xudat şəhərində hərbi qulluqçunun işitrakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.

Onun fikrincə, radikal müxalifətin fəalları İsmayıllı rayonunda olduğu kimi, Xaçmazda baş vermiş adi insidenti şişirdərək bundan dividend qazanmağa cəhd göstərirlər.

"Dünənə kimi əsgər ölümünü bəhanə gətirərək aksiyalar keçirməyə cəhd göstərən dağıdıcı qruplar bu dəfə Sərhəd Qoşunlarının zabitini hədəf götürərək Milli Orduya qarşı əsl düşmən münasibətini ortaya qoydular. Bu hadisə əyani şəkildə təsdiq edir ki, dağıdıcı müxalifət üçün artıq müqəddəs heç bir dəyər qalmayıb. Hər şeyə qara yaxmaq, hər şeyə hücum etmək, orduya, polisə qarşı təbliğat aparmaq, bütövlükdə Azərbaycanın milli maraqlarına zidd hərəkətlərə rəvac vermək, bəzi xarici dairələrdə olan və anti-Azərbaycan mövqeyində dayanan qruplarla əməkdaşlıq etmək kimi hadisələr hamımızın gözü qarşısında baş verir", - Qurbanlı qeyd edib.

Millət vəkilinin fikrincə, bəzi müxalif qüvvələrin adi yol-nəqliyyat hadisəsindən kütləvi narazılıq yaratmaq cəhdləri heç bir nəticə verməyəcək: "Bizim gözəl bir atalar sözümüz var: "Boğulan saman çöpündən yapışar". Bu müxalifət də hər xırda hadisədən öz xeyrinə istifadə etmək istəyir. Müxalifət adi yol hərəkəti qaydalarının pozulmasını, 2-3 nəfərin hansısa məsələ ilə bağlı fikir söyləməsini ictimai, kütləvi narazılıq kimi təqdim etmək istəyir. Amma əslində belə deyil. Xudatda yol-nəqliyyat hadisəsi baş verib. Bəllidir ki, hadisə baş verəndə ətrafda olan adamlar ora toplaşır, kimsə kömək etmək istəyir, kimsə nəsə görmək istəyir. Kiçik yol-nəqliyyat hadisəsi zamanı 2 şəxs arasında qarşıdurmanı böyüdərək onu hansısa başqa bir formada təqdim etmək istəyirlər. Məlumdur ki, artıq bununla bağlı DİN rəsmi məlumat yayıb ki, orada toplaşan insanları başqa istiqamətə yönəltmək, ictimai asayişi pozmaq istiqamətində cəhdlər və çağırışlar edərək əhalini kütləvi narazılığa yönəltmək istəyənlər olub. Bu əməlləri edənlər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və müvafiq qaydada araşdırılır".

Mübariz Qurbanlı hesab edir ki, heç də hər şey müxalifətin düşündüyü kimi deyil. Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur və bu sabitliyin iqtisadi, siyasi, sosial əsasları var.

"Azərbaycanda əhali hər kiçik hadisədən istifadə edib hakimiyyətə qarşı bu cür təxribat törətmək istəyənlərə dəstək vermir, onlarla həmrəy deyil. Dünən ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı Bakıda tədbirlər keçirildi. Yüz minlərlə vətəndaş həmin tədbirlərə qatılmışdı və sakit şəkildə iştirak edirdi. Prezident İlham Əliyev ulu öndərin 90 illiyi ilə bağlı tədbirdə çıxışı zamanı müxtəlif məsələlərə, o cümlədən ölkədəki ictimai-siyasi sabitlik məsələlərinə toxundu və bütövlükdə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin yolverilməz olduğunu qeyd etdi. Siyasi mükalimə və diskussiyanın olduğu, normal siyasi mübarizə zəminində hər kəsin öz fəaliyyətini aparması qeyd olunub. Biz tərəfdarıyıq ki, hər kəs normal siyasi mübarizə aparsın və fikirlərini açıqlasın, amma təxribatlar törətmək, ictimai-siyasi asayişi pozmağa yönəlmiş cəhdlər etmək əlbəttə ki, yolverilməzdir. İctimai-siyasi sabitlik çox önəmlidir və bu, bütövlükdə hamımızın, o cümlədən millətimizin, dövlətimizin xeyrinədir", - YAP-ın icraçı katibi bildirib.

Qeyd edək ki, mayın 9-da saat 11:20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub və bu zəmində hər iki şəxs arasında mübahisə baş verib. DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, məsələ Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsində araşdırılıb və öz qanuni həllini tapıb. DİN-in məlumatına görə, bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri öz təhrikçi ənənələrinə sadiq qalaraq baş vermiş adi yol-nəqliyyat hadisəsini növbəti dəfə siyasiləşdirməyə, rayonda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstəriblər. Onlar hadisə yerinə toplaşmış bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər.

Məlumatda qeyd olunub ki, görülmüş tədbirlərlə qanunsuz aksiyaya cəhdin qarşısı alınıb, onun təşkilatçılarından bir neçəsi, o cümlədən Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, habelə rayon sakini Nüsrət Qarayev saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub. Adları çəkilən şəxslərin hər biri rayon məhkəməsi tərəfindən 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Nazirliyin məlumatında bildirilir ki, rayon hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuz aksiyaya cəhdin digər təhrikçilərinin və fəal iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti