Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan enerji axınlarının kəsişməsində, strateji mövqedə yerləşir. Onun böyük enerji potensialı, o cümlədən qeyri-neft sektorunda böyük imkanları var. Azərbaycan bundan sonra öz inkişaf tempini qoruyub saxlaya biləcək. Ona görə də Koreya ilə Azərbaycan arasında ələqələrin inkişaf etdirilməsi bizim üçün çox önəmlidir.
Trend xəbər verir ki, bunu Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun elmi işçisi Co Yanq Kvan Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə keçiirilən 5-ci Koreya - Mərkəzi Asiya Beynəlxalq Forumunda bildirib.
Tədbirdə "Koreya və Azərbaycan arasında iqtisadi əlaqələrin qiymətləndirilməsi və Azərbaycanın iqtisadi inkişafının perspektivləri" mövzusunda çıxış edən koreyalı mütəxəssis qeyd edib ki, Koreya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına ehtiyac var.
Onun fikrincə, hələlik bu əlaqələr sıx olmasa da, 2000-ci ildən etibarən müəyyən inkişaf tempi hiss olunur. O qeyd edib ki, iki ölkə arasında iqisadi əlaqələrdə əsas pay sahibi avtomobil sənayesi və bazarı ilə bağlıdır:
"Lakin 2006-cı ildən Koreyadan Azərbaycana investisiya yatırımları gəlməyə başlayıb. 2012-ci ilin sonunadək Koreya Azərbaycana 2,65 milyard dollar sərmayə yatırıb. Bunun da 90 faizi tikinti sektorunun payına düşür."
Koreyalı mütəxəssis hesab edir ki, hazırda iki ölkə arasında əlaqələrin səviyyəsi onların mövcud potensialına uyğun deyil. Co Yanq Kvanın araşdırmalarına görə, Koreya Azərbaycanda tikinti ilə yanaşı enerji infrastukrunun qurulması, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə böyük işlər görə bilər və Koreya şirkətləri bu işləri görməyə hazırdırlar.