...

ABŞ-dakı Azərbaycan diasporu Ermənistanın moldovalı ombudsmana qarşı hərəkətlərini pisləmək çağırışı ilə Konqresə müraciət edib

Siyasət Materials 8 İyul 2013 14:24 (UTC +04:00)
ABŞ-da Azərbaycan Diaspor Təşkilatı (USAN) Ermənistan hakimiyyətinin moldovalı ombudsman Aureliya Qriqoriuya qarşı hərəkətlərini pisləmək çağırışı ilə ölkə Konqresinə müraciət edib.
ABŞ-dakı Azərbaycan diasporu Ermənistanın moldovalı ombudsmana qarşı hərəkətlərini pisləmək çağırışı ilə Konqresə müraciət edib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ-da Azərbaycan Diaspor Təşkilatı (USAN) Ermənistan hakimiyyətinin moldovalı ombudsman Aureliya Qriqoriuya qarşı hərəkətlərini pisləmək çağırışı ilə ölkə Konqresinə müraciət edib.

Bu yaxınlarda Ermənistan parlamentində məruzə ilə çıxış edən A.Qriqoriu bildirmişdi ki, Xocalıdakı soyqırımı ermənilər törədib və bu, beynəlxalq aləm tərəfindən tanınan faktdır.

Daha əvvəl ombudsmanla əlaqə saxlayan yaxın dostu Todur Zanet Trend-ə demişdi ki, Ermənistan parlamentindəki çıxışından sonra A.Qriqoriuya ölkədən çıxmağa icazə verməyiblər və onu ölümlə təhdid edərək təcrid vəziyyətində saxlayıblar.

Vəziyyətlə tanış olan digər mənbə isə Trend-ə bildirmişdi ki, Ermənistan hakimiyyəti Qriqoriunu Yerevana qayıtmağa və parlamentdəki çıxışına görə üzr istəməyə məcbur edir. Yalnız bundan sonra onu ölkədən buraxacaqlar.

Qriqoriu Yerevanda akkreditə olunan diplomatik nümayəndəliklərin köməyi ilə, erməni tərəfinin tələbinə baxmayaraq, üzr istəmədən Ermənistanı tərk edə bilib. Hazırda o, Kişinyovdadır.

USAN-ın Konqresə ünvanladığı müraciətdə bildirilir ki, Ermənistan rəhbərliyi özündə dövlət terrorizmini əks etdirən hədə-qorxu, təqib, həyatına təhlükə yaratmaq yolu ilə xarici ölkənin ombudsmanını şantaj edirdi.

USAN üzvləri müraciətdə Ermənistana ayrılan yardımın azaldılmasının zəruriliyini vurğulayıblar. Həmçinin qeyd olunub ki, Ağ Ev, Dövlət Departamenti və ABŞ Konqresi qəti şəkildə Ermənistanı götürdüyü öhdəlikləri yerinə yetirməyə, öz tarixi ilə barışmağa və Xocalı soyqırımını tanımağa çağırmalıdır.

Müraciətdə bildirilir ki, Ermənistan növbəti dəfə Qərb dəyərlərinə qətiyyən məhəl qoymadığını nümayiş etdirdi: "Və bütün bunlar 1992-ci ildən bəri ABŞ tərəfindən 2 milyard dollardan çox yardım ayrılmasına baxmayaraq baş verir".

Təşkilat üzviləri, həmçinin Konqres və ABŞ administrasiyası tərəfindən erməni təcavüzünə və Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına diqqətin ayrılmasının vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti