...

Azərbaycan və Aİ arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi məsələsi nəzərdən keçirilib

Siyasət Materials 30 İyul 2013 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi və readmissiya sazişi layihələri ölkəmizin Aİ yanında nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov və Avropa Komissiyasının daxili siyasət üzrə baş direktoru Stefano Manservisi tərəfindən paraflanıb.

Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu paraflanmadan sonra saziş layihələrinin cari ilin noyabr ayında "Şərq tərəfdaşlığı" ölkələrinin Vilnüs sammiti çərçivəsində imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş Azərbaycan vətəndaşlarının Avropaya asanlaşdırılmış qaydalarla səfərlərinə geniş imkanlar açır. Xüsusilə, elm adamları, təhsil məqsədilə səfər edən tələbələrimiz, müalicə məqsədilə Avropa ölkələrinə səfər etmək zərurəti duyan vətəndaşlarımız, dövlət və hökumət əhəmiyyətli səfərlər, eyni zamanda, idman, mədəniyyət və humanitar tədbirlərdə iştirak etmək məqsədilə səfər edən şəxslər bu sazişin müddəalarından irəli gələn sadələşdirilmiş üsulla viza almaq imkanı əldə edəcəklər.

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi sazişinin imzalanmasının digər bir üstünlüyü isə vizanın əldə edilməsi üçün tələb olunan sənədlərin sayının əsaslı şəkildə azaldılması, viza rüsumlarının qarşılıqlı şəkildə iki dəfə azaldılması, uzunmüddətli və çoxdəfəli vizaların əldə edilməsi imkanıdır. Eyni zamanda, xaricdə yaşayan ailə üzvlərini ziyarət etmək məqsədilə Avropaya səfər edən vətəndaşlarımız bu sazişin yaradacağı güzəştlərdən faydalana biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti