...

Mübariz Əhmədoğlu: Ermənistanın assosiativ müqavilədən əldə edəcəyi gəlirlə bağlı açıqlanan rəqəmlər sövdələşmənin siyasi olduğunu göstərir

Siyasət Materials 1 Avqust 2013 12:05 (UTC +04:00)
Avropa İttiffaqı assosiativ üzvlük haqqında müqaviləni Ermənistan üçün iqtisadi baxımdan faydalı kimi təqdim etdi. Ermənistanın ildə 146 milyon avro gəlir əldə etməsi itirdiklərinin müqabilində hədsiz kiçik rəqəmdir.
Mübariz Əhmədoğlu: Ermənistanın assosiativ müqavilədən əldə edəcəyi gəlirlə bağlı açıqlanan rəqəmlər sövdələşmənin siyasi olduğunu göstərir

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Avropa İttiffaqı assosiativ üzvlük haqqında müqaviləni Ermənistan üçün iqtisadi baxımdan faydalı kimi təqdim etdi. Ermənistanın ildə 146 milyon avro gəlir əldə etməsi itirdiklərinin müqabilində hədsiz kiçik rəqəmdir. Başqa sözlə, Ermənistanın assosiativ müqaviləyə üzvlükdən əldə edəcəyi gəlir ilə bağlı açıqlanan rəqəmlər də vəziyyətin siyasi olduğunu göstərir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, Ermənistan 146 milyon avro gəlirin əvəzində çox şey itirib və itirəcək: "Birincisi, Ermənistan hökuməti yeni AES-i fəaliyyət proqramı sırasından çıxarıb, çünki Rusiya verdiyi vədi yerinə yetirmir. Bu, Ermənistanın 2,5 milyard dollar RF investisiyasından məhrum olması deməkdir. İkincisi, "Nairit" zavodunun rekonstuksiyasını da Ermənistan hökuməti prioritet proqramlar siyahısından sildi. "Rosneft" ilə "İtera" birlikdə bu zavodun rekonstuksiyasına 400 milyon dollar pul vəd etsələr də, Ermənistanın Aİ ilə danışıqları ciddiləşdikdən sonra bu niyyətindən vaz keçdilər. Üçüncüsü, Ermənistana hər il Rusiyadan şəxsi transfertlə 1,5 milyard dollar pul gəlir. ABŞ və Qərbdən gələn pulun miqdarı isə 600 milyon dolları keçmir. İndi RF Qazaxıstan və Özbəkistana şəxsi transfertlə gedən pullara maneələr yaradır. Yaxın vaxtlarda bu maneələr Ermənistana gələn pullara da tətbiq ediləcək. Ermənistan 1,5 milyard dollar puldan məhrum olacaq. Rusiyadan şəxsi transfertlə gələn pul ABŞ və Qərbdən Ermənistana gələn puldan dövriyyə arealına görə də tamam fərqlənir. RF-dən gələn pulun böyük əksəriyyəti sıravi vətəndaşlar üçün nəzərdə tutulub, onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır. Qərbdən gələn pul oliqarxlar üçündür və bu pulun böyük bir qismi Ermənistan banklarında "yuyulmaq" üçün göndərilir. Rusiyadan gələn pulların içərisində "çirkli pul" qismində başa düşülən pullar var. Eyni zamanda, Qərbdən gələn pulun bir qisminin kriminal mənşəli olması da nəzərə alınmalıdır. Son vaxtlar ABŞ mətbuatı erməni etnokriminal qruplaşmalarının fəaliyyətindən yazır".

M.Əhmədoğlu deyib ki, Rusiya Ermənistana qazı Avropa bazarından hər 1000 m3 üçün 180 dollar ucuz qiymətə verir: "Avropada qazın orta qiyməti hər 1000 m3 üçün 450 dollardır, Rusiya bahalaşdırdıqdan sonra Ermənistan qazı 270 dollara alır. Ermənistanın Rusiyadan aldığı qazın illik həcminin bir milyard kubmetr olduğunu nəzərə alsaq, qazın qiymətinin bir dollar dəyişməsinin bir milyon dollar dəyişiklik yaratdığını görürük. Bu qayda ilə Rusiyanın Ermənistana Avropadan 180 dollar ucuz qaz satması ildə Rusiyanın Ermənistana 180 milyon dollar güzəştə getməsi kimi başa düşülməlidir. Rusiya bu güzəşti dayandırsa, Ermənistan hər il 180 milyon dollardan məhrum olur. Hər halda 180 milyon dollar 146 milyon avroya ya bərabərdir, ya da çoxdur. 4-5 milyard dollar məbləğində pulu ən yaxşı halda bir milyard dollara dəyişmək heç bir iqtisadi qanunlara uyğun deyil. 4-5 milyard dollar investisiya və pul qazandığı Rusiyanı rədd edir, təxminən bir milyard dollar pul qazana biləcəyi Qərbi seçir. Ona görə Aİ-nin açıqladığı rəqəmlər Ermənistanla Aİ arasında proseslərin siyasi sövdələşmə olduğunu sübut edir".

Politoloqun sözlərinə görə, həm Ermənistan, həm Aİ Azərbaycanın Ermənistana faydalı iqtisadi təkliflərini rədd edirlər. Bu fakt nəzərə alınmalıdır: "Ermənistan bu iqtisadi rəqəmlərin yaratdığı mənzərə ilə razılaşır. Rəsmi Yerevanın məntiqinə görə, Ermənistana haradansa əlavə pul gələcək. Bu pulun gəlməsi üçün Ermənistan bu vaxtadək sənədlərdə və razılaşmalarda göstərilməyən əlavə fəaliyyətlə məşğul olmalıdır. Rusiyadan güzəştli şərtlə 500 milyon dollar kredit götürüb təyinatı üzrə xərcləməyən, hesabatını verə bilməyən Ermənistan üçün Avropa məkanı xam yerdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti