Azərbaycan, Bakı, 2 avqust /Trend/
Bu ilin birinci yarısında Azərbaycanda qeydə alınmış cinayətlərin 87 faizi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu avqustun 2-də Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Zakir Qaralov deyib.
Z.Qaralov bildirib ki, 2013-cü ilin birinci yarısında daxili işlər orqanları ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülüb. Hesabat dövründə respublikada qeydə alınmış 10.929 cinayətin 86,9 faizinin açılması təmin edilib.
Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2013-cü ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, həmçinin Yevlax və Neftçala rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib.
Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti daha səmərəli və çevik olmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cari ilin birinci yarısında 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 3.237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində qeyd edilib ki, 2013-cü ilin birinci yarısında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti daha da səmərəli olub. Həmin qurumlar tərəfindən 4.647 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsində keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilib.