...

Elmar Məmmədyarov Argentina və Fransa millət vəkilləri ilə görüşüb

Siyasət Materials 31 Oktyabr 2013 22:50 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli assambleyasının üzvləri Roberto Mouilleron və Julia Argentina Perieni qəbul edib.
Elmar Məmmədyarov Argentina və Fransa millət vəkilləri ilə görüşüb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli assambleyasının üzvləri Roberto Mouilleron və Julia Argentina Perieni qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Argentina nümayəndələri Bakıda keçirilən Humanitar Forumda iştirak etdiklərini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Görüş əsnasında Azərbaycan ilə Argentina arasında ikitərəfli siyasi əlaqələrin və parlamentlərarası təmasların inkişafına və beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığa münasibətdə məmnunluq ifadə olunub.

İqtisadiyyat, xüsusilə kənd-təsərrüfatı, mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Həmin gün Elmar Məmmədyarov on altı nəfərdən ibarət olan Fransa Parlament nümayəndə heyətini qəbul edib.

Fransa nümayəndələri Bakıda keçirilən Humanitar Forumda iştirak etdiklərini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Görüş əsnasında Azərbaycan ilə Fransa arasında ikitərəfli siyasi, iqtisadi, mədəni və parlamentlərarası əlaqələrin inkişafı və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi fəaliyyəti üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Fransanın regionları ilə əməkdaşlığının inkişaf etməsinə münasibətdə məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində fransalı millət vəkillərinin çoxsaylı suallarını cavablandıraraq, münaqişənin həll edilməsinə dair Azərbaycanın mövqeyi barəsində ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti