...

Fəzail Ağamalı: Dünyanın tanınmış ekspertləri Azərbaycanın çox böyük sıçrayışla inkişaf etdiyini dəfələrlə önə çəkiblər

Siyasət Materials 10 Yanvar 2014 17:35 (UTC +04:00)
Dünyanın ciddi maliyyə resursları da, siyasi və iqtisadi sahədə tanınmış ekspertlər də İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın çox böyük sıçrayışla inkişaf etdiyini dəfələrlə rəsmi şəkildə önə çəkiblər, bununla bağlı öz rəylərində fikirlərini əsaslandırıblar.
Fəzail Ağamalı: Dünyanın tanınmış ekspertləri Azərbaycanın çox böyük sıçrayışla inkişaf etdiyini dəfələrlə önə çəkiblər

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Dünyanın ciddi maliyyə resursları da, siyasi və iqtisadi sahədə tanınmış ekspertlər də İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın çox böyük sıçrayışla inkişaf etdiyini dəfələrlə rəsmi şəkildə önə çəkiblər, bununla bağlı öz rəylərində fikirlərini əsaslandırıblar. Bunu Trend-ə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışını şərh edərkən deyib.

F.Ağamalı bildirib ki, bunların hər biri reallıqdır, konkret fakta söykənən, həyatımızın tam mənada reallığını ifadə edən bir prosesdir: "Cənab İlham Əliyev ölkədə daxili vəziyyətə də toxundu və Azərbaycan xalqına realist olduğuna görə, eyni zamanda, Azərbaycan dövlətinin bundan sonra güclənməsi qayğısına görə ölkə Prezidentinə bir daha səs verməsini çox təvazökarcasına ifadə etdi və Azərbaycan xalqına təşəkkürünü bildirdi".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı olduqca çətin siyasi proseslərdən keçərək bu günə gəlib çatıb: "Unutmaq olmaz ki, Azərbaycan xalqını azadlıq uğrunda mübarizənin hər zaman önündə görmüşük. Sovet imperiyasının süqutunda Azərbaycan xalqı çox müstəsna rol oynayıb, Azərbaycan xalqı 20 Yanvar kimi böyük faciədən keçib. Eyni zamanda, Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin xaosunu, anarxiyasını, vətəndaş müharibəsinin başlanmasını, Azərbaycanın uçurum qarşısında dayandığını, torpaqlarının ermənilərin və onların himayədarlarının işğalına məruz qaldığı günləri unutmur, çünki Azərbaycan xalqı o günlərdən keçərək bu günə çatıb".

F.Ağamalı qeyd edib ki, bu gün Milli Şura adlanan qurumda yığışan antimilli qüvvələr əslində Azərbaycan xalqının gözü qarşısında 90-cı illərin əvvəllərinin xaosunu xatırladırlar: "Ona görə də Azərbaycan xalqı birmənalı olaraq onlara etibar göstərmir və bundan sonra da göstərməyəcək. Azərbaycan xalqı doğrudan da reallığa, sözün həqiqi mənasında vətənpərvər, dövlətini, millətini çox böyük sevgi ilə hər zaman irəliyə aparmaq kimi bir iradənin daşıyıcısı olan İlham Əliyevə səs verdi".

Millət vəkili əlavə edib ki, buna görə də Azərbaycan xalqı ən xoş sözlərə layiqdir: "Əlbəttə ki, Prezidentimiz də Azərbaycan xalqına, Azərbaycan dövlətinə çox böyük xidmətlər göstərdiyinə görə, böyük vətənpərvərliyinə görə, cəsarətinə, qətiyyətinə görə, həyata keçirdiyi vəzifələrin konkret olaraq vermiş olduğu bəhrələrə görə ən xoş sözlərə, Azərbaycan xalqının sevgisinə layiqdir və bu sevgidən Azərbaycan xalqının inkişafını daha yüksəklərə qaldırmaq üçün məharətlə bəhrələnir".

F.Ağamalı deyib ki, Azərbaycanda prezident seçkilərini müşahidə edən mötəbər təşkilatlar və ayrı-ayrı ölkələrdən gələn ekspertlər, müşahidəçilər qrupları da seçkilərə çox müsbət qiymət verdi, öz bəyanatlarında seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi haqqında rəsmi rəy ortaya qoydular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti