...

Səməd Seyidov: Azərbaycanın, ümumiyyətlə, Şərqi Avropanın problemlərini nəzərə almadan hər hansı irəliləyiş əldə etmək olmaz

Siyasət Materials 27 Yanvar 2014 17:09 (UTC +04:00)

Fransa, Strasburq, 27 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Bu gün Azərbaycanın, ümumiyyətlə, Şərqi Avropanın problemlərini nəzərə almadan Avropada hər hansı bir irəliləyiş əldə etmək mümkün deyil. Trend-in məlumatına görə, bu fikirləri Trend-ə eksklüziv açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyası çərçivəsində qurumun sədri postuna keçirilən seçkinin nəticələrinə münasibət bildirərkən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri deyib.

O, qeyd edib ki, AŞ PA-nın yeni sədri seçildi və yeni sədrin fəaliyyətə başlaması AŞ PA üçün çox vacibdir: "Nəzərə almaq lazımdır ki, seçkilər zamanı Böyük Britaniyadan olan ikinci namizəd Robert Uolter 125 səs əldə etdi. Bu o deməkdir ki, AŞ PA-nın yeni seçilmiş sədri Avropada 47 ölkədə mövcud olan ab-havanı mütləq nəzərə almalıdır və əminəm ki, nəzərə alacaq. Bü gün Azərbaycanın, ümumiyyətlə, Şərqi Avropanın problemlərini nəzərə almadan Avropada hansısa irəliləyiş əldə etmək mümkün deyil. Əminəm ki, yeni seçilmiş sədr bu istiqamətdə çox ciddi, obyektiv və düzgün addımlar atacaq".

AŞ ilə Azərbaycanın bundan sonrakı münasibətlərinə toxunan S.Seyidov qeyd edib ki, Avropa Şurası ilə Azərbaycanın münasibətləri həmişə konstruktiv olub:

"AŞ ilə Azərbaycanın münasibətləri həmişə konstruktiv olub və əminəm ki, bundan sonra da konstruktiv olacaq. Çünki Azərbaycan hazırda elə bir mərhələdədir ki, Avropa strukturlarının hamısı Azərbaycanla əlaqə qurmaq, konstruktiv şəkildə münasibətlər yaratmaqda maraqlıdırlar. Azərbaycan bu gün Avropa strukturlarında çox güclü bir mövqeyə malikdir. Ona görə də daha çox Azərbaycanın rolu, əhəmiyyəti və mövqeyi hansısa bir konkret şəxsdən yox, həmin strukturun daxilində mövcud olan dəyərlərlə bağlıdır. Əminəm ki, yeni sədr - An Brasörlə bizim nünasibətlərimiz konstruktiv şəkildə təşkil olunacaq. Bu həm Avropa strukturları, həm də Avropa Şurası üçün əhəmiyyətli məsələdir".

Qeyd edək ki, Lüksemburqdan olan deputat xanım An Brasör (Anne Brasseur) 165 səs çoxluğu ilə AŞ PA-nın yeni sədri seçilib. AŞ PA sədri rotasiya prinsipi əsasında iki il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti