...

Prezident İlham Əliyev: Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 12 May 2014 14:00 (UTC +04:00)
Sizinlə apardığım danışıqlar, fikir mübadiləsi və səmimi söhbətlər bir daha bizi əmin edir ki, Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bizim siyasi, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcək.
Prezident İlham Əliyev: Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/

"Sizinlə apardığım danışıqlar, fikir mübadiləsi və səmimi söhbətlər bir daha bizi əmin edir ki, Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bizim siyasi, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcək. Şübhə yoxdur ki, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox əlamətdar hadisədir və səfər bizim əlaqələrimizin inkişafına çox güclü təkan verəcək". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, Fransa və Azərbaycanın iş adamları biznes forumda bir-biriləri ilə görüşürlər, danışırlar, fikir mübadiləsi aparırlar: "Əlbəttə ki, biznes qurumlarının birgə fəaliyyəti və ticarət əlaqələrinin inkişafı bizim ümumi inkişafımıza gözəl dəstək olacaqdır".

Dövlət başçısı bildirib ki, dünən və bu gün müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi, məsləhətləşmələr aparılıb və Azərbaycanla Fransanın gələcək əlaqələrinin inkişafı ilə bağlı konkret tapşırıqlar verilib: "Bu gün imzalanan və imzalanacaq sənədlər bizim əməkdaşlığımızın müxtəlif aspektlərinin inkişafına xidmət göstərir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və əlbəttə ki, biznes dairələri də bunu yaxşı bilir. Çünki biznes özünü siyasi əlaqələr yüksək səviyyədə olan ölkələrdə rahat hiss edir və siyasi əlaqələrimizin inkişafı üçün bundan sonra da müvafiq addımlar atılacaqdır. Bir sözlə, bizim əlaqələrimiz çoxşaxəlidir və bir çox sahələri əhatə edir, hər bir sahə üzrə konkret proqramlar var, sənədlər imzalanıb və bu, bizə imkan verəcək ki, çoxşaxəli formada Fransa-Azərbaycan əlaqələri inkişaf etsin. Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, regional əməkdaşlıq üçün yeni üfüqlər açır, eyni zamanda Avropa-Azərbaycan əlaqələrinin inkişafı üçün də Fransa-Azərbaycan əlaqələri çox mühüm rol oynayır, çünki Fransa Avropanın aparıcı dövlətidir və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında, əlbəttə ki, Fransanın xüsusi yeri və rolu vardır".

İlham Əliyev qeyd edib ki, iqtisadi sahəyə gəldikdə, Azərbaycan Fransanın Cənubi Qafqazdakı birinci ticarət tərəfdaşıdır: "Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və imzalanacaq müqavilələr nəticəsində bu rəqəm daha da artacaq. Təbii ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Hesab edirəm ki, indiki ticarət dövriyyəsinin həcmi yaxşı bir başlanğıcdır. Bunu artırmaq üçün konkret imkanlar və müştərək siyasi iradə var. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir, həm investorlar kimi, həm də podratçılar kimi. Və hesab edirəm ki, növbəti illərdə bu istiqamət üzrə inkişaf edəcəyik. Biz Fransa şirkətlərini Azərbaycana investisiya qoymaq və bizim layihələrdə podratçı-kontraktor kimi iştirak etmək üçün dəvət edirik".

Prezident deyib ki, bu günə qədər ölkəmiz üçün vacib olan bir çox layihələrdə Fransa şirkətləri çox fəal iştirak etmişlər, yüksək peşəkarlıq göstərmişlər: "Onların çox gözəl reputasiyası vardır. Onlar tərəfindən icra edilmiş layihələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Ümid edirəm ki, biznes forumun nəticəsi olaraq, bizim iş adamları arasındakı əlaqələr daha da yüksək pilləyə qalxacaq. Azərbaycanda görüləsi işlər çoxdur. İnfrastruktur layihələri bizim üçün prioritet təşkil edir. Eyni zamanda, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır və postsovet məkanında birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan birinci yerdədir. Son 10 il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur. Təkcə keçən il 25 milyard dollardan çox sərmayə qoyulmuşdur. Onlardan 30 faizi xarici sərmayədir. Çox sevindirici hal ondan ibarətdir ki, xarici şirkətlər təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da öz investisiyalarını qoyurlar. Yəni Azərbaycanın uzunmüddətli uğurlu inkişafına böyük inam var. Bu inam əsassız deyil, çünki son illər ərzində iqtisadi sahədə, ümumiyyətlə, ölkəmizin inkişafı ilə bağlı atılan addımlar konkret nəticələrə gətirib çıxarmışdır. Azərbaycan vətəndaşları, Azərbaycan əhalisi müstəqilliyin üstünlüklərini gündəlik həyatda görürlər".

Prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir: "Deyə bilərəm ki, son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat Azərbaycan iqtisadiyyatı olmuşdur. Ümumi daxil məhsul 3 dəfədən çox artmışdır. Bununla bərabər, sosial məsələlər öz həllini tapmışdır. İşsizlik aradan qaldırılıb, cəmi 5 faiz təşkil edir. Xarici dövlət borcu çox aşağı səviyyədədir və ÜDM-in cəmi 8 faizini təşkil edir. Bu bizə imkan verir ki, biz xarici maliyyə bazarlarında istədiyimiz qədər maliyyə resurslarını ölkə istisadiyyatına cəlb edək. Ancaq biz bu sahəyə çox böyük ehtiyatla yanaşırıq. Çünki öz maliyyə imkanlarımız da var və ilk növbədə, biz onlardan istifadə edirik. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi artır. Ümumdünya Davos İqtisadi Forumunun son hesablamalarına görə, ölkə iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdədir. Bu, cəmi 20 ildən bir qədər çox bazar iqtisadiyyatı prinsipləri üzərində çalışan iqtisadiyyat üçün çox böyük göstəricidir. Onu da qeyd etməliyəm ki, biz müstəqilliyi qazananda ÜDM-də özəl sektorun payı sıfıra bərabər idi, hazırda isə bu, 80 faizdən çoxdur. Yəni özəl sektorun inkişafı, xarici sərmayələrin cəlb edilməsi, eyni zamanda, dövlət investisiyalarının ölkə üçün prioritet təşkil edən sahələrə yönəldilməsi, bax, bu gözəl şəraiti yaratmışdır. Növbəti illərdə bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafı olacaqdır və bu istiqamətdə konkret addımlar atılır".

İlham Əliyev qeyd edib ki, Fransa şirkətlərinin təcrübəsi, onların töhfəsi Azərbaycana çox lazımdır, böyük əhəmiyyət kəsb edir: "Əminəm ki, növbəti illərdə müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edəcəyik. Prioritetlər arasında nəqliyyat sektorunu qeyd etmək istərdim. Bilirəm ki, nəqliyyat sektorunda yeni kontraktların imzalanması gözlənilir. Frnsanın burada dünya səviyyəli təcrübəsi hər kəs üçün önəmlidir".

Dövlət başçısı deyib ki, Azərbaycan hazırda kosmik sənayenin inkişafı ilə məşğuldur: "Keçən il birinci Azərbaycan peyki "Azerspace-1" orbitə buraxılmışdır və "Arianespace" şirkəti bu sevinci bizə bəxş etmişdir. Növbəti illərdə kosmik sənayedə biz birgə işləyəcəyik və hesab edirəm ki, Fransa bu sahədə Azərbaycanın bir nömrəli tərəfdaşı olmalıdır".

Prezidentin sözlərinə görə, inşaat sektorunda Fransa şirkətləri müxtəlif layihələrdə iştirak edirlər. Kənd təsərrüfatı, turizm, xüsusilə üzümçülük sektorunun bərpası gündəlikdə duran məsələdir: "Bir sözlə, biz Fransa şirkətlərini investor və müqaviləçi kimi Azərbaycanda daha böyük həcmdə iş görməyə dəvət edirik. Beləliklə, əminəm ki, növbəti illərdə bizim əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti