...

Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi müzakirə edilib

Siyasət Materials 26 May 2014 16:22 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyənin daxili işlər naziri Efkan Alanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib.
Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi müzakirə edilib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyənin daxili işlər naziri Efkan Alanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 26-da E.Alan və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, böyük öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üstünə tər çiçəklər düzüblər.

Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanında müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda həyatlarını qurban vermiş mərd mübarizlərin, həmçinin türk əsgərlərinin məzarlarını ziyarət ediblər.

Həmin gün daxili işlər naziri R.Usubov Türkiyənin daxili işlər naziri E.Alanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan nazir öncə türkiyəli həmkarını yeni təyinat münasibətilə təbrik edib və birinci xarici səfərini məhz Azərbaycana etdiyinə görə ona təşəkkürünü bildirib. Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu xatırladan R.Usubov ölkələrimiz arasında əlaqələrin inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, bu qardaşlıq münasibətlərinin getdikcə daha da dərinləşdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını, onun dönməzliyinin təmin olunduğunu qeyd edən nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin, o cümlədən türükiyəli iş adamlarının respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb.

Dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayan daxili işlər naziri rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirib. O, ölkəmizdə ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu xüsusi vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Türkiyənin daxili işlər naziri E.Alan rəsmi dəvətə, təbrikə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, dost və qardaş ölkələrimizin dünyada və bölgədə daimi sülhün bərqərar edilməsi, əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti