...

Mübariz Əhmədoğlu: Gürcüstanın Ermənistanla məxfi informasiyaların mübadiləsinə dair müqaviləsi Azərbaycan və Türkiyənin maraqlarına zərbə vura bilər

Siyasət Materials 30 İyun 2014 12:08 (UTC +04:00)
Gürcüstan Türkiyə və Azərbaycanı strateji müttəfiq adlandırır, eyni zamanda Ermənistanla məxfi informasiyaların qorunması və mübadiləsinə dair müqavilə imzalayır. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Gürcüstanın Ermənistanla məxfi informasiyaların mübadiləsinə dair müqaviləsi Azərbaycan və Türkiyənin maraqlarına zərbə vura bilər

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Gürcüstan Türkiyə və Azərbaycanı strateji müttəfiq adlandırır, eyni zamanda Ermənistanla məxfi informasiyaların qorunması və mübadiləsinə dair müqavilə imzalayır. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan ciddi tutumlu enerji və kommunikativ layihələr reallaşdırır. Bu layihələrin reallaşmasında məxfi informasiyaların olması labüddür: "Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda ərazi bütövlüyünün qorunmasında vahid siyasət aparmalıdırlar. Bəzən operativ danışıqlar məxfilik tələb edir. Azərbaycanla Gürcüstan hərbi təhlükəsizlik məsələlərini müzakirə etməlidirlər. Ukraynada vəziyyət gərginləşən kimi Gürcüstan Prezidenti Azərbaycan və Türkiyə prezidentlərini Tbilisiyə dəvət etdi. Belə görüşlərdə məxfi məsələlərin müzakirəsi labüddür. Azərbaycanla Türkiyəni birləşdirən neft-qaz kəmərləri Gürcüstan ərazisindən keçir. Bu kəmərlərin təhlükəsizliyinin təmini başdan ayağa məxfi informasiyalarla doludur. Bütün belə məsələlərdə Ermənistan Azərbaycana, Türkiyəyə, eləcə də Gürcüstana əks mövqedədir. Belə alınır ki, Gürcüstan bir əli ilə Azərbaycandan bəhrələnmək istəyir, digər əli ilə Azərbaycanın məxfi informasiyalarını Ermənistana ötürmək istəyir".

Politoloq bildirib ki, Gürcüstanın xarici işlər nazirinin imzaladığı bu müqavilə Ermənistanın Gürcüstan üzərində üstünlüyünü təmin edir: "Ermənistan istənilən anda Gürcüstanı test edə bilər: Gürcüstan ərazisindən keçən regional və enerji kommunikasiyalarına təhlükə yaradır və bu gizli əməliyyatdan Gürcüstanın xəbəri olur. Ermənistan rəsmi Tbilisinin addımlarını izləyir: Gürcüstan əlinə düşən bu informasiyanı Azərbaycana və Türkiyəyə ötürəcəkmi, Azərbaycan və Türkiyə bu informasiya ilə bağlı Gürcüstana necə cavab verəcəklər?! Azərbaycanın belə vəziyyətə dözməsi az ehtimal olunandır. Qəbələ RLS-in fəaliyyətinin dayanmasında dönüş nöqtəsi Rusiyanın MDB məkanındakı bazalarını KTMT-nin hərbi bazaları elan etməsindən sonra başladı. Beləliklə Qəbələ RLS həm də üzvlərindən biri Ermənistan olan KTMT-nin bazasına çevrilirdi. Qəbələ RLS-in ərəb dövlətləri və İranla bağlı əldə etdiyi informasiyalar həm də Ermənistanın əlinə düşürdü. Ermənistan Azərbaycanın ərazisində yerləşən Qəbələ RLS-in əldə etdiyi informasiyanı özünəməxsus şəkildə İrana təqdim edib İran-Azərbaycan münasibətlərini müharibə həddinə gətirə bilərdi. Ona görə rəsmi Bakı Qəbələ RLS-in fəaliyyətinin tam dayanması istiqamətində fəaliyyət göstərdi və istədiyinə nail oldu".

Onun fikrincə, Gürcüstan məxfi məlumatların mübadiləsi və qorunması haqqında Ermənistanla imzaladığı müqaviləni ləğv etməlidir: "Gürcüstanın indiki hakimiyyəti regional təhlükəsizlik məsələlərində aydın strateji seçim etməlidir. 1988-ci ildə amerikalılar Ermənistanın Cavaxetiyadakı separatçılığını dayandırıb Dağlıq Qarabağa, Azərbaycan ərazisinə yönəldibsə indi Gürcüstan bundan tam dolğun nəticə çıxarmalıdır. Ermənilər alətdir, sabah yenidən Gürcüstana ərazi iddiası qaldıra bilərlər. Ermənistanın Gürcüstana ərazi iddiası heç vaxt aradan qalxmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti