...

Vaşinqton Cənub Qaz Dəhlizinə istiqamətlənib

Siyasət Materials 29 Yanvar 2015 17:05 (UTC +04:00)
Ukraynadakı vəziyyətin və Rusiyanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda yanvarın 28-də Vaşinqtonda “Ukraynadan sonra Cənubi Qafqaz üçün təhlükəsizlik və enerjinin aqibəti" mövzusunda konfrans keçirilib.
Vaşinqton Cənub Qaz Dəhlizinə istiqamətlənib

ABŞ, Vaşinqton, 29 yanvar /Trend, xüsusi müxbir Natalya Zajikova/

Ukraynadakı vəziyyətin və Rusiyanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda yanvarın 28-də Vaşinqtonda "Ukraynadan sonra Cənubi Qafqaz üçün təhlükəsizlik və enerjinin aqibəti" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda ABŞ-ın energetika sahəsində yüksəkvəzifəli nümayəndələri və siyasət və energetika sahələrində Cənubi Qafqaz üzrə tanınmış ekspertlər iştirak ediblər.

Konfransın sponsorlarından biri Vudro Vilson adına Beynəlxalq Elm Mərkəzi yanındakı Kennan İnstitutu, enerji siyasəti məsələləri üzrə tanınmış ekspert, professor Ariel Koenin rəhbərlik etdiyi Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun Energetika, Təbii Resurslar və Geosiyasət Mərkəzi (CENRG) olub.

Konfransı giriş sözü ilə ABŞ dövlət katibinin beynəlxalq məsələlərdə energetika işləri üzrə köməkçisi səlahiyyətlərinin icraçısı Conatan Elkind açaraq tədbirin əsas mövzularını qeyd edib.

Konfrans iştirakçıları çıxış edərkən qeyd ediblər ki, Cənubi Qafqaz regionu Ukraynadakı münaqişəyə, eləcə də Şərqlə Qərbin regionda siyasi və iqtisadi təsirə görə qarşıdurmasına xüsusilə həssasdır.

Vudro Vilson adına Beynəlxalq Elm Mərkəzinin əməkdaşı, Massaçusets Universitetinin professoru Odri Altştadt qeyd edib ki, öz coğrafi vəziyyətinə görə Azərbaycan geosiyasi təzyiqlərə məruz qalır.

ABŞ-ın Xarici Siyasət Şurasının Rusiya üzrə böyük elmi işçisi, doktor Stiven Blank qeyd edib ki, Rusiya Qafqazı öz təsir dairəsinə daxil etmək üçün sistematik səylər göstərərək öz siyasətini qonşu ölkələrə zorla qəbul etdirməyə çalışacaq. O deyib ki, bu, həmin ölkələrin suverenliyinə təsir edə bilər.

S.Blank, həmçinin Qərbin Rusiyanın təcavüzkar siyasətinə qarşı müqavimət göstərməsinin qeyri-mümkün olduğunu və ya ən azından Qərbin belə istəyinin olmadığını da qeyd edib.

Konfrans iştirakçıları tədbirin gedişində Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Moskvanın xeyrinə qoşunların təmas xəttində gərginliyin saxlanmasının əleyhinə olduqlarını bildiriblər.

Çıxış edənlər Cənub Qaz Dəhlizi layihəsi haqqında danışarkən Ukraynadakı böhranın enerji və diplomatik nəticələri bu layihənin iştirakçısı olan ölkələr üçün Avropanın qaz təchizatı sahəsində rollarını artırmağa nadir fürsət yaradır.

Enerji siyasəti məsələləri üzrə ekspert, professor A.Koen Azərbaycanın Türkiyəyə və Avropaya TANAP və TAP boru kəmərləri ilə qaz tədarükündə əsas rolunu qeyd edib: "Türkmənistan, Şimali İraq, İsrail və Kipr gələcəkdə Avropaya mühüm qaz ixracatçıları olmaqdan ötrü öz səylərini birləşdirə bilərlər".

Eləcə də konfransda qeyd edilib ki, Avropa İttifaqı Rusiya qazının ixracından və etibarsız tranzit ölkələr vasitəsilə tədarüklərdən asılılığın azaldılması üzrə cəhdlərində enerji resurslarının birləşdirilmiş bazarını yaratmaq və öz tədarük mənbələrini şaxələndirmək niyyətindədir.

Konfrans iştirakçıları qeyd ediblər ki, Avropa 2030-cu ildən ona lazım olan qazın təqribən 70 faizini idxal etməyə başlayacaq, ona görə də Cənub Qaz Dəhlizinə və Azərbaycan qazına çox mühüm əhəmiyyət verir.

Vudro Vilson adına Beynəlxalq Elm Mərkəzinin eksperti Yan Kalitski çıxışı zamanı bildirib ki, Cənub Qaz Dəhlizi boyunca yerləşən ölkələr arasında münasibətlər həlledici rol oynayır.

Konfransda həmçinin qeyd olunub ki, Azərbaycan dünya neft sənayesinin inkişafında tarixi rol oynayır və dünyanın müasir enerji bazarında da eynilə bu cür rol oynamaqdan ötrü potensiala malikdir.

Konfransda əsas məruzəçi ABŞ dövlət katibinin köməkçisinin Enerji Resursları Bürosunda icra üzrə müavini xanım Meri Bryus Uorlik olub.

O, qeyd edib ki, ABŞ hökuməti qlobal, xüsusilə də Aİ miqyasında enerji təhlükəsizliyinin dəstəklənməsinə sadiqdir və buna görə məsuliyyət daşıyır.

Onun sözlərinə görə, Ukraynadakı böhran enerji resurslarının nəqli marşrutlarının gərəkliyini daha da aktuallaşdırır.

Dövlət katibinin köməkçisi deyib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini xeyli yaxşılaşdıra bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti