...

Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri birgə bəyanat imzalayıblar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Yanvar 2015 16:02 (UTC +04:00)
Bu gün Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Raşid Meredov və Mövlud Çavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib.
Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri birgə bəyanat imzalayıblar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Bu gün Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Raşid Meredov və Mövlud Çavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdilər. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.

Görüşdə tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə tərəflər işçi görüşlər səviyyəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd etdilər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmə məsələləri ətrafında da müzakirələr aparılıb.

Görüş zamanı çıxış edən E.Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionda nəqliyyat infrastrukturunun daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək, ADA Universitetinin rektoru Hafiz Paşayevin bu görüşlərdə iştirakının müsbət hal olduğunu diqqətə çatdırıb.

Dünyada cərəyan edən hadisələrin fonunda bu formatda üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayan nazir bunun Azərbaycan, Türkmənistan və Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini söyləyib.

Görüşün sonunda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair birgə bəyanat imzalanıb.

Bəyanatda qeyd olunub ki, görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb.

Üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımanın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə tərəflər üç ölkənin Nəqliyyat nazirliklərinin və müvafiq qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Ticarət-iqtisadi əlaqələr məsələsinə nəzər salaraq, xarici işlər nazirləri bu sahədə təmasların əhəmiyyətini və bərabərhüquqluluq, qarşılıqlı fayda və bir-birilərinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələri arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi və genişləndirilməsinin prioritetliyini qeyd ediblər.

Görüş zamanı ticarət əməkdaşlığının və malların üç dövlətin ərazisindən tranzitinin fəallaşdırılması məsələləri müzakirə edilib. Bu məqsədlə Azərbaycan, Türkiyə və Türkmənistanın ticarət-sənaye palataları və müvafiq nazirlik və qurumlarının nümayəndələrinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub.

Tərəflər, həmçinin üç ölkənin xalqlarının ümumi mədəni, dil və tarixi irslərinə əsaslanan mədəni-humanitar sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Nazirlər 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə proqramını qəbul ediblər və onun həyata keçirilməsində Xarici İşlər nazirliklərinin əlaqələndirici rolunu vurğulayıblar. Bununla əlaqədar xarici işlər nazirləri müvafiq nazirlik və qurumları Çərçivə proqramının müddəalarının həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın fəallaşdırılmasına və onun yerinə yetirilməsinə səy göstərməyə çağırıblar.

Qeyd edək ki, nazirlərin birinci üçtərəfli görüşü 2014-cü ildə Bakıda keçirilmişdi. Həmin görüşdə Bakı Bəyannaməsi qəbul edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti