...

"Məqsədimiz bu məsələni beynəlxalq məhkəməyə, tribunala çıxarmaqdır" (FOTO)

Siyasət Materials 18 Fevral 2015 11:49 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və AMEA-nın İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə "İşğal altında qalmış abidələrimiz - tarixi yaddaşın izi ilə" adlı konfrans keçirilib.
"Məqsədimiz bu məsələni beynəlxalq məhkəməyə, tribunala çıxarmaqdır" (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun birgə təşkilatçılığı ilə "İşğal altında qalmış abidələrimiz - tarixi yaddaşın izi ilə" adlı konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, bugünkü tədbirin vaxtı təsadüfi seçilməyib: "Belə ki, bir neçə gündən sonra Xocalı soyqırımının növbəti ildönümü qeyd ediləcək. Ermənilər işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalıda soyqırımlar, vəhşiliklər törədib. Bu məlumatlar müxtəlif dillərdə yayılıb dünyaya çatıdırılmalıdır. Bununla biz Prezident İlham Əliyevin "hücum diplomatiyası"na töhfəmizi vermiş oluruq".

AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva isə deyib ki, Azərbaycan işğal altında qalmış dini, tarixi, mədəni abidələri, Azərbaycana dəymiş maddi zərər üzərində işlənilməli və bu hesab işğalçılar qarşısında qoyulmalıdır: "Bizim məqsədimiz bu məsələni beynəlxalq məhkəməyə, tribunala çıxarmaqdır. İşğal altında təkcə müsəlman abidələri deyil, alban, xristian abidələri də var. Bu gün onların qorunmasından heç bir söhbət gedə bilməz. Biz bu məsələni belə qoymayacağıq və bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

A.Mustafayeva həmçinin qeyd edib ki, tolerantlıq Azərbaycan üçün normal həyat tərzidir. Biz özümüzə hörmət ediriksə, başqalarının da mədəniyyətinə hörmət etməliyik. Onun sözlərinə görə, təəssüflər olsun ki, Avropa Konvensiyasının yurdu olan Avropa ölkələri bu mədəniyyəti qoruyub saxlaya bilmirlər: "Avropada multikulturalizm və tolerantlıqdan danışırlar, lakin real həyatda Avropa buna hazır olmadığını göstərdi. Avropada yaşayan müsəlmanlar nə vaxt və harda Avropada kiməsə qarşı zor tətbiq ediblər? Təbii ki, cinayətkarlar istisna olmaqla. Cinayətkarın isə nə vətəni, nə də dini olur. Amma Avropada İslamofobiya geniş vüsət alır. Bu, onu göstərir ki, Avropa özünə çox arxayın olub və nə mədəni, nə də maarifləndirmə işlərini aparıb. Məhz bu səbəbdən indiki vəziyyətə gəlib çıxıblar".

Tədbirdə Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri, ziyalılar, alimlər iştirak ediblər.

Konfransda "Erməni təcavüzü və dini abidələrimiz" və "Dağlıq Qarabağda monumental incəsənət və dini abidələrinin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri" mövzusunda təqdimatlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti