Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Elçin Mehdiyev/
"Nils Muyjnieks kimi adamlar Azərbaycanın inkişafından narahat olan müxtəlif qüvvələrin dirijorluğu ilə fəaliyyət göstərirlər". Bu barədə Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı Avropa insan hüquqları komissarı Nils Muyjnieksin İntiqam Əliyevin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib.
F.Ağamalı qeyd edib ki, bu gün dünyada bir antiazərbaycan koalisiyası fəaliyyət göstərir və onun tərkibində müxtəlif millətlərdən olan adamlar var: "Bunların məqsədi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna xələr gətirmək, Azərbaycanın güclənən mövqeyinə zərbə vurmaqdır. Burada, əlbəttə, müxtəlif ölkələrin, müəyyən dairələrin maraqları var. O dairələr Azərbaycanda öz maraqlarını təmin edə bilməyəndə müxtəlif təşkilatların bayrağı altında Azərbaycana qarşı təxribat hazırlamaq, iftira söyləmək, böhtan atmaqdan yorulmurlar. Nils Muyjnieksin dedikləri də həmin insanların növbəti addımıdır".
Millət vəkili sual edib ki, əgər bu insanlar hüquq müdafiəçisidirsə, niyə erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün bir iş görmürlər: "Bu hərəkətlərin arxasında hansısa quvvələrə xidmət etmək dayanır. Bu təşkilatların mahiyyəti ayrı-ayrı qüvvələrin, dövlətlərin Azərbaycana qarşı düşmənçilik münasibətinin ifadəsindən başqa bir şey deyil".
O, qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir, əgər kimsə həbs olunursa, deməli, onun konkret cinayət əməli var: "Azərbaycanda biri QHT adı altında, biri hüquq müdafiəçisi, biri hansısa partiyanın çətiri altında gizlənərək Azərbaycan qanunlarını pozduqlarına görə məsuliyyətə cəlb olunublar. Qanun qarşısında hər kəs bərabər şəkildə məsuliyyət daşıyır".